"Hazırda "Sumqayıt" barədə məlumatımız azdır. Bildiyim qədərilə, bu komandada əsasən azərbaycanlı futbolçular çıxış edirlər. Əlbəttə, onlar da yaxşı oyunçulardır".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Serbiyanın "Çukariçki" komandasının futbolçusu Asmir Kayeviç UEFA Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları "Sumqayıt" barədə danışarkən deyib.
Monteneqrolu yarımmüdafiəçi heç bir rəqibə yuxarıdan-aşağı baxmadıqlarını söyləyib: "Bilirik ki, "Sumqayıt" da bizim kimi çempionatı 3-cü sırada bitirib. Bu isə sözügedən komandanı ciddiyə almaq üçün kifayətdir".
31 yaşlı futbolçu ehtiyatlı oynayacaqlarını söyləyib: "Düzdür, "Sumqayıt"la müqayisədə avrokubok təcrübəmiz çoxdur. Amma sırf bu amilə görə özümüzü favorit saymıram. Şansların bərabər olduğunu düşünürəm. Hər iki görüş maraqlı keçəcək".
Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 21-də, cavab matçı isə iyulun 29-da olacaq.