"Bizi çətin oyunun gözlədiyini bilirik. Rəqibi yaxşı analiz etmişik. Meydana öz oyunumuzu göstərərək, qələbə qazanmağa çıxacağıq".
Sportnet.az-ın Tbilisiyə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu "Neftçi" komandasının futbolçusu Voislav Stankoviç Gürcüstan paytaxtında "Dinamo"ya qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
34 yaşlı müdafiəçi "İnter"də (hazırkı "Keşlə") ikən "Dinamo"nun hazırkı baş məşqçisi Kaxaber Tsxadadzenin rəhbərliyi altında çalışdığını xatırladıb: "Onun Azərbaycan futbolunu yaxşı tanıdığını və futbolçulardan nə tələb etdiyini bilirik. Lakin biz Azərbaycan çempionuyuq və ümidvaram ki, ən yaxşı oyunumuzu sərgiləyəcəyik".
Stankoviç komandadakı dəyişikliklərin müdafiə xəttinə də təsirsiz ötüşmədiyini söyləyib. Bununla belə, serbiyalı legioner yaxşı oyun sərgiləməyə çalışacağını vurğulayıb.