
“Qarabağ” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, Ağdam təmsilçisi İsraildə “Aşdod”un qonağı olub. Görüş “köhlən atlar”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda qarşılaşmaya erkən qolla başlayıb. 6-cı dəqiqədə Xayme Romeronun sağ cinahdan cərimə meydançasına ötürməsini Filip Ozobiç dəqiq zərbə ilə tamamlayıb. 23-cü dəqiqədə "Qarabağ"ın müdafiəçisi Rahil Məmmədov zədələnərək, meydanı tərk edib. Onun yerinə meydana İsmayıl İbrahimli daxil olub. İlk yarıda başqa qol olmayıb və ağdamlılar fasiləyə minimal hesablı üstünlüklə yollanıb. İkinci hissədə də üstünlük "Qarabağ"ın tərəfində olsa da, hesab dəyişməyib.
Bakıdakı ilk matçda qolsuz heç-heçə qeydə alındığından, səfərdə qazanılan qələbə “Qarabağ”ı III raunda yüksəldib. Ağdam təmsilçisinin növbəti mərhələdəki rəqibi AEL (Kipr) / “Vlajnia” (Albaniya) cütünün qalibi olacaq. "Qarabağ" ilk oyununu səfərdə keçirəcək.
Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları 5 - 12 avqustda olacaq.
----------------------------------------
Bu gün "Qarabağ" klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Sportnet.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda İsraildə "Aşdod"un qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanı serbiyalı hakim Novak Simoviç idarə edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş ilk oyunda qapılara qol vurulmayıb.
Ağdam təmsilçisinin heyətində zədəli müdafiəçilər - Bədavi Hüseynovla Elvin Cəfərquliyev səfərə aparılmayıb. Kapitan Maksim Medvedev isə ilk görüşdə qırmızı vərəqə aldığı üçün cəzalıdır. Müdafiçi buna baxmayaraq komanda ilə birlikdə İsrailə yollanıb.
Meydan sahiblərində isə ilk matçı buraxan Məhəmməd Kanaan və Timoti Avani növbəti dəfə meydana çıxmayacaq.
29 iyul
UEFA Konfrans Liqası
21:00. "Aşdod" (İsrail) - "Qarabağ" (Azərbaycan) - 0:1
Qol: Filip Ozobiç, 6
Baş hakim: Novak Simoviç (Serbiya)
Aşdod. "Aşdod" stadionu