"Cümə axşamı günü bizi "Neftçi" ilə vacib oyun gözləyir. Deyərdim ki, bu, həyatımızın matçı olacaq".
Sportnet.az-ın məlumatına görə, bunu İsrailin "Makkabi" (Hayfa) klubunun futbolçusu Məhəmməd Abu Fani yerli mətbuata açıqlamasında evdə "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib.
23 yaşlı israilli yarımmüdafiəçi bildirib ki, komanda qarşıdakı matçın önəmini yaxşı dərk edir: "Qələbə həm klub, həm də azarkeşlər üçün vacibdir. Bu, maliyyə baxımından da önəm daşıyır. Azarkeşlərimizin stadiona gələcəyini və bizi qələbəyə ruhlandıracağını gözləyirik".
Qeyd edək ki, avqustun 26-da Hayfadakı "Sammi Ofer" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdaki ilk görüşdə 3:3 hesablı heç-heçə qeydə alınıb.