"Rəqibin evdəki kimi yaxşı oynayacağına şübhə etmirəm. Müdafiədəki oyunumuzu daha da təkmilləşdirməliyik".
Sportnet.az-ın məlumatına görə, bunu İsrailin "Makkabi" (Hayfa) klubunun baş məşqçisi Barak Baxar evdə "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu öncəsi mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis bildirib ki, komandada hər kəs matçın önəmini dərk edir: "Uğurlu nəticə qazanmalı və tarixə düşməliyik. Hər an oynamağa hazır olan 8 müdafiəçimiz var. Bu və ya digər səbəbdən məcburi rotasiya etdikdə səhvlər qaçılmaz olur. Amma bu, daha çox müdafiə xətti ilə bağlıdır".
Onun sözlərinə görə, müdafiədə "Hapoel" (Təl-Əviv) komandasın qarşı oynadıqları kimi çıxış etməlidirlər: "İsraildə rəqib komandaları qiymətləmndirməmək adətdir. Hədəfimiz birinci matçın ilk hissəsindəki oyunumuzun müddətini daha da artırmaqdır. Məsələni 90 dəqiqədə həll etmək istəyirik".
Qeyd edək ki, avqustun 26-da "Sammi Ofer" stadionunda keçiriləcək "Makkabi" - "Neftçi" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk qarşılaşmada heç-heçə qeydə alınıb - 3:3.