Bu gün İdman Araşdırmalar Mərkəzinin (İAM) təşkilatçılığı və "Kolizey İnşaat"ın sponsorluğu ilə keçirilən "FUTPROQNOZ" yarışmasının qalibləri mükafatlandırılıb. Sportnet.az-ın məlumatına görə, informasiya dəstəyi "Report"a və Sportnet.az-a məxsus olan yarışmanın mükafatlandırma mərasimində futbol veteranları, klub rəsmiləri və media nümayəndələri iştirak edib.
Qonaqlar arasında tədbir günü 50 yaşı tamamlanan əfsanəvi futbolçu Nazim Süleymanov və vaxtilə onun "Neftçi"də komanda yoldaşı olmuş Maşallah Əhmədov da yer alıb. Aparıcı Sənan Şəfizadədən söz alan İAM-ın sədri Elşən Məmmədov çıxışında yarışmanın əhəmiyyətindən danışıb. O bildirib ki, 2014-cü il dünya çempionatı ilə əlaqədar keçirilmiş FUTPROQNOZ-a sadəcə, bir yarışma kimi yanaşılmamalıdır. Burada həm də yarışma iştirakçılarının mundiala qatılan hər bir komandanın imkanlarını təhlil etmə, oyunlarını dəyərləndirmə imkanları ortaya qoyulur. Nəticədə "Futbol təkcə ayaqla yox, həm də başla oynanılır" deyimi sözün həqiqi mənasında təsdiqini tapır. E.Məmmədovun sözlərinə görə, yarışmanın nəticələri bunun əyani sübutudur: "Qalib adını "Xəzər Lənkəran"ın gənc futbolçusu və Azərbaycanın əsas millisinə çağırılan Ağabala Ramazanov qazandı. Elə gümüş mükafatçı Əliyar Ağayev də gənc FİFA referimiz, böyük perspektivə malik hakimimizdir. Onların oyunların nəticələrini düzgün müəyyənləşdirmələri bizim yığmamızın futbolçularının dünya çempionatına vəsiqə qazanmaq üçün təkcə biləklərinin haqqı ilə yox, zehnlərin, düşüncələrini də daha dərindən işə salacaqlarını düşünməyə əsas verir. Futbolçumuza dünya çempionatında oynamaq, hakimimizə isə mundial qarşılaşmalarını idarə etməyi arzulayıram".
E.Məmmədov yarışmanın ideya müəllifi, hazırda "Fanat.az" saytında çalışan Ceyhun Əliyevə də təşəkkkür etməyi unutmayıb.
"Kolizey İnşaat"ın nümayəndəsi Aqşin Əliyev də öz növbəsində qonaqları salamlayıb. O, qeyd edib ki, tədbir 6 ildir fəaliyyət göstərən şirkətin yeni mağazasının fəaliyyətə başlamasının bir illiyi münasibətilə təşkil olunub. A.Əliyev son zamanlar idman və digər sahələrdəki layihələrdə fəal iştirak etdiklərini bildirib: "Bu tədbir də bizim dəstəklədiyimiz növbəti layihədir. Təşəkkür edirik ki, bir ildir fəaliyyətdə olan yeni mağazamıza təşrif buyurmusunuz. Biz də belə maraqlı layihələrdə əlimizdən gələn dəstəyi verməyə çalışacağıq".
Ardından mükafatlandırma keçirilib. Yarışmanın finalçısı Ə.Ağayevə gümüş medal və "Kolizey İnşaat"dan qiymətli hədiyyə təqdim olunub. Onu 50 yaşı tamamlanan əfsanəvi futbolçumuz Nazim Süleymanov təltif edib. Daha sonra yarıışmanın qalibi üçün nəzərdə tutulan mükafatlar verilib. Qalib futbolçu - "Xəzər Lənkəran"ın hücumçusu Ağabala Ramazanov tədbirdə üzürlü səbəblərdən iştirak edə bilmədiyindən, onun üçün nəzərdə tutulan kubok, qızıl medal və "Kolizey İnşaat"ın qiymətli hədiyyəsi klub rəsmisi Ramil Cahangirova təqdim olunub. Mükafatları ona Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev verib.
Tədbir zamanı Nazim Süleymanov da diqqətdən kənarda qalmayıb. Yubilyarı təbrik etmək üçün səhnəyə digər veteran futbolçu Maşallah Əhmədov dəvət edilib. M.Əhmədov N.Süleymanova "Kolizey İnşaat"ın qiymətli hədiyyələri ilə yanaşı, Şamaxı Palace"də pulsuz istirahət kuponu təqdim edib. Ad günündə idman ictimaiyyətinin onu yalnız buraxmadığını bildirən təcrübəli mütəxəssis M.Əhmədovla bağlı kiçik bir xatirəsini paylaşıb: "1984-cü ildə Səməd Qurbanovu futboldan yola salanda 10 nömrəli formasını mənə verdi. Maşallah Əhmədov da həmin "10 nömrə"ni məndən aldı. Bu gün mən ondan formanı geri almasam da, əlindən mükafat aldığım üçün çox şadam".
İAM sədri E.Məmmədov M.Əhmədova və "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmliyə də "Kolizey İnşaat"dan qiymətli hədiyyə təqdim edib.
Sonda Çempionlar Liqasının "pley-off" mərhələsinin başlaması münasibətilə qonaqlar arasında "Çempion" adlı yarışmanın püşkü atılıb.