2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində IX tura gecənin 4 oyunu ilə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmaların ardından Fransa və Belçika yığmaları Qətərdə keçiriləcək mundiala qrup lideri kimi birbaşa vəsiqəni təmin ediblər.
D qrupunda yer alan Fransa millisi öz meydanında Qazaxıstanı darmadağın edərək, xalını 15-ə çatdırıb və sona 1 tur qalmış ən yaxın izləyicisi Finlandiyanı 4 xal geridə qoyub.
E qrupunda Belçika yığması evdə Estoniyanı yenib və xallarını 19-a çatdırıb. Paralel matçda Belarusu darmadağın edən Uels xalını 14-ə çatdıraraq, 2-ci yerə yüksəlsə də, lider üçün əlçatmaz olub.
G qrupunda isə Niderland millisi səfərdə Monteneqro ilə görüşdə ən yaxşı bombardir Memfis Depayın dublu sayəsində öndə olsa da, son dəqiqələrdə qapısından 2 top buraxıb. Bununla da "narıncılar" qrup lideri kimi qalmalarına rəğmən, mundiala birbaşa vəsiqə qazana bilməyiblər.
Bu komanda hazırda Türkiyə və Norveçi 2 xal geridə qoyur. Birbaşa vəsiqənin taleyinə son turda aydınlıq gələcək. Noyabrın 16-da Niderland Norveçi qəbul edəcək, Türkiyə isə Monteneqronun qonağı olacaq.
-------------------------------------
2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində IX turun daha 2 oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, G qrupunda Türkiyə yığması İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda Cəbəllütariq yığmasını qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:0.
Hesabı 11-ci dəqiqədə Kerem Aktürkoğlu açıb. 22-ci dəqiqədə Cəbəllütariq yığması Ceys Maskarenyas-Oliveronun qırmızı vərəqə alması səbəbindən azlıqda qalıb. "Ay-ulduzlular" qalan bölümdə say üstünlüyündən layiqincə yararlanıblar. Halil Dervişoğlu 38 və 41-ci dəqiqələrdə fərqlənərək, "dubl" edib. İkinci hissədə meydan sahibləri daha 3 qol vurub. Merih Demiral 65-ci, Serdar Dursun 81-ci, Mert Müldür 84-cü dəqiqədə fərqlənməyi bacarıb.
Qrupun digər qarşılaşmasında Norveç yığması evdə Latviyanın müqavimətini qıra bilməyib.
Bununla da Türkiyə millisi xallarını 18-ə çatdıraraq, 2-ci pilləyə yüksəlib. Eyni xala malik Norveç top fərqində "ay-ulduzlular"dan geri düşdüyü üçün 3-cü pilləyə enib.
Bakı vaxtı ilə saat 23:45-də başlanacaq görüşdə Niderland səfərdə Monteneqroya qalib gəlsə, qrup qalibi kimi dünya çempionatına vəsiqə qazanacaq. Bu halda, Türkiyə "pley-off" üçün mübarizə aparacaq. "Narıncılar" xal itirəcəyi təqdirdə isə qrupda ilk pillənin taleyi son tura qalacaq.
--------------------------------------
2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində bu gün IX turun son oyun gününə start verilib.
Sportnet.az-ın məlumatına görə, günün ilk qarşılaşmasında Bosniya və Herseqovina yığması Finlandiyanı qəbul edib. Görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 3:1. Skandinaviyalılar 37-ci dəqiqədə Yukka Raytalanın qırmızı vərəqə almasına baxmayaraq, azlıqda qalib gəlməyi bacarıblar.
İlk 2 qolu Finlandiya millisindən Markus Forss 29-cu, Robin Lod 51-ci dəqiqədə vurub. 69-cu dəqiqədə Luka Menalo fərqi azaltsa da, 73-cü dəqiqədə 17 yaşlı Daniel O Şonessi yekun nəticəni müəyyənləşdirib.
Bu qələbə sayəsində xalını 11-ə çatdıran Finlandiya D qrupunda 2-ci pilləyə yüksəlib. 7 xala malik Bosniya və Herseqovina isə 4-cü pillədə qalıb və pley-off şanslarını itirib.
-------------------------
2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində bu gün IX tura yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, turun sonuncu oyun günündə 3 qrupda 7 qarşılaşma keçiriləcək.
D qrupunda Fransa Qazaxıstana qalib gəlsə, mundialın final mərhələsinə vəsiqə qazanacaq. Qrupun digər matçında Bosniya və Herseqovina Finlandiya ilə üz-üzə gələcək.
E qrupunda Belçika Estoniyaya qalib gəlsə, vaxtından əvvəl DÇ-2022-də iştirakını rəsmiləşdirəcək. Qrupun digər qarşılaşmasına gəldikdə, Uels millisinin lideri Qaret Beyl Belarusla görüşdə yığmada 100-cü oyununu keçirəcək.
G qrupunda Norveç Latviyanı, Türkiyə Cəbəllütariqı, Monteneqro Niderlandı qəbul edəcək. Niderland qələbə qazansa, Norveç isə xal itirsə, "narıncılar" mundiala vəsiqə qazanmış olacaq.
"Ay-ulduzlular" isə pley-off şanslarını davam etdirmək üçün mütləq "cırtdanlar"a qalib gəlməlidir.
DÇ-2022, seçmə mərhələ
IX tur
13 noyabr
D qrupu
18:00. Bosniya və Herseqovina - Finlandiya - 1:3
Qollar: Luka Menalo, 69 - Markus Forss, 29. Robin Lod, 51. Daniel O Şonessi, 73
Qırmızı vərəqə: Yukka Raytala, 37 (Finlandiya)
23:45. Fransa - Qazaxıstan - 8:0
Qollar: Kilian Mbappe, 6; 12; 32; 87. Kərim Benzema, 55; 59. Adrian Rabyo, 75. Antuan Qrizmann, 84 (pen.)
Xal durumu: Fransa - 15 (7 oyuna), Finlandiya - 11 (7), Ukrayna - 9 (7), Bosniya və Herseqovina - 7 (7), Qazaxıstan - 3 (8)
E qrupu
23:45. Uels - Belarus - 5:1
Qollar: Aaron Remzi, 3; 50 (pen.). Neko Uilyams, 20. Ben Devis, 77. Konnor Roberts, 89 - Artyom Konstevoy, 87
23:45. Belçika - Estoniya - 3:1
Qollar: Kristian Benteke, 11. Yannik Karrasko, 53. Torqan Azar, 74 - Erik Sorqa, 70
Xal durumu: Belçika - 19 (7 oyuna), Uels - 14 (7), Çexiya - 11 (7), Estoniya - 4 (7), Belarus - 3 (8).
G qrupu
21:00. Norveç - Latviya - 0:0
21:00. Türkiyə - Cəbəllütariq - 6:0
Qollar: Kerem Aktürkoğlu, 11. Halil Dervişoğlu, 38; 41. Merih Demiral, 65. Serdar Dursun, 81. Mert Müldür, 84
Qırmızı vərəqə: Ceys Maskarenyas-Olivero, 22 (Cəbəllütariq)
23:45. Monteneqro - Niderland - 2:2
Qollar: İliya Vukotiç, 82. Nikola Vuynoviç, 86 - Memfis Depay, 25 (pen.); 54
Xal durumu: Niderland - 20, Türkiyə - 18, Norveç - 18, Monteneqro - 12, Latviya - 6, Cəbəllütariq - 0.