
"Rəqib güclü idi. Bizə belə oyunlar çox lazımdır”. Bunu Sportnet.az-a açıqlamasında 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Təbriz Həsənov Belarusun U-17 millisi ilə yoxlama matçından sonra deyib.
Həsənov bildirib ki, bu cür matçlarda komandanın çatışmazlıqları, futbolçuların fərdi bacarıqlarının hansı səviyyədə olması üzə çıxır: "Bu mənada Belarusla oyunun bizə çox xeyri dəydi. Baxmayaraq ki, uduzduq, rəqib bizdən bir yaş böyük idi”.
Baş məşqçi razı qaldığı və qalmadığı məqamlara da toxunub: "Oyunu əsasən cinahlardan qurmaq istəyirdik. Amma rəqib cinahları bağlamışdı, bu səbəbdən istədiyimiz oyunu qura bilmədik. Meydança palçıq olduğundan, mərkəzdən istədiyimiz hücumları qura bilmirdik. Bununla belə, uşaqlar mübarizə apardılar, çalışdılar ki, nə isə həyata keçirsinlər. Ümumilikdə bu oyunu təhlil edərək, gələcəkdə komandanın xeyri üçün işlər görəcəyik”.
Qeyd edək ki, oyun Belarusun qələbəsi ilə yekunlaşıb – 2:1.













































































