"Sabah" komandasının baş məşqçisi Murad Musayev Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında Macarıstan “Pakş”ı ilə 1:1 hesablı heç-heçə etdikləri yoxlama matçından sonra fikirlərini bölüşüb.
Sportnet.az-ın məlumatına görə, rusiyalı mütəxəssis toplanışı dəyərləndirib. O, hazırlıqdan, komandanın məşqlərə yanaşmasından razı qaldığını deyib:
“Hələ ki, hər şey planlaşdırdığımız kimi gedir. Məşqlərdən razıyam, komanda xüsusi fədakarlıqla çalışır. Lakin ən çətini hələ irəlidədir, yükləmələrin artması ilə daha çox yorğunluq olacaq. Təlim-məşq toplanışı həmişə çətin olur. Burda ustalıqdan savayı xarakter və öz imkanların daxilində maksimum çalışmaq da çox önəmlidir”.
Musayev bu gün komandanın qələbəyə daha yaxın olduğunu, lakin hələ optimal formasından uzaq olduğunu qeyd edib:
“Hazırda optimal formamızdan uzağıq. Oyunun məzmunu da buna uyğun idi. Hər oyun fazasında artıma ehtiyac var. Matçda bəzi məqamlar məni razı saldı. Topa nəzarət və irəli xətdə anlaşma yaxşı səviyyədə idi. Düşünürəm ki, bu gün biz hücumda daha təhlükəli və qələbəyə yaxın tərəf idik. Amma təlim-məşq toplanışında nəticənin heç bir önəmi yoxdur. Vacib olan qarşıya qoyulmuş tapşırıqları yerinə yetirmək və mümkün zədələrdən yayınmaqdır”.
Qeyd edək ki, Antalya toplanışında daha 2 oyunun keçirilməsi nəzərdə tutulub. Komandamız yanvarın 25-də Serbiya “Mladost”u ilə qarşılaşacaq. Digər rəqibin adına qarşıdakı günlərdə aydınlıq gələcək