"Hadisə baş verəndən iki gün sonra özü ilə danışdım"
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli haqqında İctimai TV-də yayımlanan "Bol idman" verilişində deyib.
40 yaşlı mütəxəssis ilk dəfə Mahir Emrelini hansısa qalmaqallı situasiyasında anlayışla qarşıladığını bildirib: "Əvvəlcə ilə bildim ki, mətbuat hansısa məsələni şişirdir. Çünki ondan əvvəl "Legiya"nın futbolçuları azarkeşlərin hücumuna məruz qalmışdı. Onda da əlaqə saxlayıb danışmışdım. Elə bildim ki, bu da onlardan biridir. Bu dəfə Mahirə avtobusda əl atmışdılar, onunla detallı şəkildə bu məsələni danışdıq. İlk dəfədir ki, Mahir Emrelinin verdiyi qərarı dəstəkləyirəm. Təbii ki, "Legiya"ya qayıtmamaqla bağlı".
Sadıqov situasiyanı daha detallı analiz etmək üçün 1-2 məqama toxunmaq istədiyini vurğulayıb: "Klub uğursuz çıxış edirdi, analoji hadisədən hardasa iki ay əvvəl komandanın avtobusuna fan klub daxil olur. Oyunçularla çox sərt şəkildə danışırlar. Bildirirlər ki, bazanın qarşısındakı azarkeşlər sizinlə danışsın, yoxsa biz danışaq. Bizi eşidəcəksiniz, yoxsa onları? Artıq bir dəfə belə ciddi təhdid olmuşdu. Əvvəlki illərdə orada çıxış edənlərlə daim müzakirələr aparırdıq və "Legiya" azarkeşlərinin sərtlikdə məşhur olduğunu söyləyirdilər. Azarkeş son dəfə xəbərdarlıq edirlər. Mən burada fanatı yox, klubun idarəçilərini qınayıram. Artıq bir dəfə belə hal baş verib və ciddi təhdid olub. Son dəfə baş verən hadisədə komanda məğlub olur və bazada azarkeşlər futbolçuları gözləyir. Bu məlumat kluba daxil olmadımı? Təhdidlər varsa, niyə təhlükəsizliklə təmin olunmadılar? Komandanın avtobusunun qapısı belə rahatlıqla necə açılır? Fanat içəri daxil olub Emreliyə və digər braziliyalı oyunçuya əl qaldırır".
Mütəxəssis sabiq komanda yoldaşının “Legiya”ya qayıtmamalı olduğunu düşünür: “Məşqçilərinin açıqlamasını oxudum ki, çətin günlərdə xarakter nümayiş etdirmək... Hansı xarakterdən danışırsan? Çətin günlərdə hamı sakit oturdu yerində, Mahirə əl qaldırıldı. Xarakter onda göründü. Bu, kollektivdir. Niyə təkcə Mahirə əl qaldırılır? Mən olum Mahirin yerində. Ora necə qayıdıb çıxış edim? Yəni Mahirin tutduğu mövqeni düzgün sayıram. Klub da ona anlayış göstərməli və Mahirin ayrılmaqla bağlı qərarını dəstəkləməlidir. Çünki günah klubun özündə oldu”.
Rəşad Sadıqov onu da əlavə edib ki, Mahir Emreli mövsümün geridə qalan hissəsində “Legiya”nın ən yaxşı futbolçusudur: “Mahirə gələn təklifləri nəzərə alsaq, görərik ki, baş verən hadisə onun CV-sinə mənfi təsir etməyəcək. Hamı hadisənin necə baş verdiyini bilir. “Legiya”nın azarkeş qrupu böyük qüvvədir. İnanmıram ki, 10 azarkeş Mahirin qarşısına çıxsa, 1-2 mühafizəçinin onu qoruyacaq. 35 nəfərin içində girib onu vurublar. Niyə qorumurdular? Maraqlıdır ki, uğursuz komandada futbolçuların içində ən uğurlusu Mahir idi. Əgər Mahirə bir yumruq vurulubsa, digər oyunçulara 10-u vurulmalı idi. Futbolçuların uğursuz çıxışına görə belə bir cəza tətbiq olunursa, digərlərinin cəzası daha ağır olmalıdır. Komanda çempionatda çöküşdədir. Bunun cəzası yalnız Mahirə kəsilirsə, ədalətsizlikdir”.
Baş məşqçi futbolçu olduğu dönəmdə belə halla rastlaşmadığını deyib: "Azarkeşlər komandanın nəticələrindən narazı olub, bir kapitan kimi çıxmışam və azarkeşlərlə söhbət etmişəm. Tofiq Bəhramov adına Respublika Stadionunda hansısa görüşdə məğlub olmuşduq. Matçdan sonra 1-2 futbolçu çıxdıq və azarkeşlərlə söhbət etdik. "Qarabağ" klubunda da belə məqamlar olub. Tribunada hansısa fanatlar narazıçılıq edib və ona yaxınlaşıb danışmışıq".
Sadıqov Azərbaycan tərəfdarlarını digər ölkələrin fanatları ilə müqayisə edib: "Çox azarkeş görmüşəm. Türkiyə və İran çempionatında oynamışam. Bizim fanatlar nümunəvidir. Bəzən sərt tənqidlər də olur. Hansısa futbolçu fitə də basılır, narazılıqlar olub. Amma ümumi götürsək, bizim fanatlar müqayisə olummaz. Hansısa çempionat qarşılaşmasında azarkeş sayı az olur. Amma fan klubları və azarkeşləri götürək, hansısa azarkeşdən rəqib baş məşqçiyə hörmətsizlik olmur. Bütün komandaların tərəfdarları və fan klubları tərifə layiqdirlər, onlar təqdir edirəm".