"İlk matçlarda futbolçulara çox da irad bildirmək istəmirəm, çünki idman formalarından uzaq olurlar".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
50 yaşlı mütəxəssis paytaxt təmsilçisinin fərqli oynadığını bildirib: "Futbolçularımızı tam məlumatlandıra bilməmişdik. Ona görə çatışmazlıqlar var idi. Qarşıdakı oyunlarda daha diqqətli olmalıyıq".
Yeni transferlər - qapıçı Luka Quqeşaşvili, yarımmüdafiəçi Leandro Andrade və hücumçu Rüstəm Əhmədzadəin durumuna da toxunan Qurbanov onların hazırlıq səviyyələrinin digər oyunçulardan aşağı olduğunu söyləyib: "Çünki düşərgəyə gec qoşulmuşdular. Fiziki durumları aşağı səviyyədədir. Formalarını tam bərpa etmək üçün vaxt lazım olacaq. Oyun bir qədər sönük keçdiyindən özlərini tam göstərə bilmədilər. Bir-iki epizodda fərqlənməyi bacardılar. Onlara ümidimiz böyükdür".
Baş məşqçi Maksim Medvedevin əvəzlənməsinin səbəbini də açıqlayıb: "Əzələsində yorğunluq hiss etdi. Oynaya bilərdi. Sadəcə, riskə getmək istəmədik".