Misir millisinin kapitanı Məhəmməd Salah Afrika Millətlər Kubokunun Seneqal yığması ilə final görüşündə diqqət mərkəzinə düşüb.
Sportnet.az-ın məlumatına görə, Cənubi Afrika Respublikasından olan baş hakim Viktor Qomes 5-ci dəqiqədə misirlilərin qapısına penalti təyin edib. Penaltini Salahın "Liverpul"dakı komanda yoldaşı Sadio Mane yerinə yetirməyə yaxınlaşıb.
Bu zaman misirli hücumçu qapıçı Məhəmməd Abu-Qabala yaxınlaşaraq, Manenin zərbəni hara vuracağını deyib. Nəticədə Abu Qabal zərbəni dəf edib. Beləliklə, seneqallı vinger Afrika Millətlər Kubokunda 6 penaltisindən yarısını dəqiq yerinə yetirə bilməyib.
36-cı dəqiqədə isə Salah baş hakimə etiraz edib. Öz növbəsində referi ona fitini və vərəqəsini uzadaraq, görüş idarəçiliyini təklif edib.
Qeyd edək ki, hazırda ikinci hissə oynanılır və hesab açılmayıb - 0:0.