
"Bu oyun bizim üçün böyük təcrübə olacaq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Fransada "Marsel"ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis yaxşı komandaya qarşı mübarizə aparacaqlarını bildirib: "Marsel"in böyük avrokubok təcrübəsi, yaxşı futbolçuları və baş məşqçisi var. Öz komamdama güvənirəm. Burada layiqli oyun göstərmək, yaxşı mübarizə aparmaq istəyirik. İlk dəfədir qrupdan çıxmışıq və belə bir oyuna hazırlaşmışıq. Ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq. İlk matçda rəqibi daha yaxından tanıyacaq, görüşün gedişində onların gücünü tam biləcəyik. Buraya azarkeşlərimizi sevindirmək üçün gəlmişik".
Qurbanovun sözlərinə görə, hər oyundan əvvəl həm futbolçularda, həm də özündə olur. Amma istərdim ki, bu, bizim oyunumuza mənfi təsir etməsin. Rəqibə görə yox, qrupdan çıxan ilk Azərbaycan klubu olduğumuz üçün sevinc həyəcanı var. Hamı səbirsizliklə bu görüşü gözləyir. Belə oyunlar üçün təcrübəmiz var. Qrup mərhələsini aşıb bu cür oyuna çıxmaq bizdə daha çox istək və həvəs yaradır. Amma bunun həddindən artıq olmasını istəmirəm. Çünki komandamın çıxışına mane ola bilər. Balansı qorumağa çalışmışıq. Fikrimiz sırf rəqibin oyun üslubuna və oyunçularına meydanda nət etmək istədiklərinə yönələcək. İnanıram ki, bu həyəcan bizim xeyrimizə olacaq".
Baş məşqçi rəqibin matçın gedişində tez-tez oyun sistemini dəyişdiyini söyləyib: "Bu, bizə çətinlik yarada bilər. Çünki bu cür komandalara qarşı nadir hallarda oynayırıq. Rəqib bunu çox məharətlə edir. Daha çox diqqət yetirməli olduğumuz elementlərdən biri budurr. Məqsdimiz meydanda öz oyunumuzu göstərək. Hər bir futbolçumuz bu matçın faydasını görəcək və verilən tapşırıqları dəqiqliklə yerinə yetirəcək".
Qeyd edək ki, fevralın 17-də "Velodrom" stadionunda oynanılacaq "Marsel" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.