Azərbaycan Premyer Liqasında XVIII turun son oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Azersun Arena"da "Qarabağ" və "Qəbələ" komandaları üz-üzə gəlib. FIFA referisi Elçin Məsiyevin idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 5:1.
Matçın əvvəlində qonaqlar ciddi itki ilə üzləşib. Omar Hani epizodların birində ayağından aldığı zərbə üzündən 10-cu dəqiqədə yerini Ülvi İsgəndərova verməli olub. Bundan 8 dəqiqə sonra isə "Qarabağ" hesabı açıb. Braziliyalı yarımmüdafiəçi Kadi Borges cərimə zərbəsindən topu birbaşa rəqib qapısına göndərib.
"Qəbələ" bərabərlik qolunu 40-cı dəqiqədə vurub. Kevin Medina İsnik Alimini yerə yıxdığı üçün Məsiyev "Qarabağ"ın qapısına penalti təyin edib. Alimi bu fürsətdən lazımınca yararlanmağı bacarıb - 1:1. İlk hissə bu hesabla başa çatıb.
Meydan sahibləri ikinci hissədə aşkar üstünlük əldə ediblər. 50-ci dəqiqədə əks-hücum nəticəsində qonaq komandanın müdafiəçisi Murad Musayev və qapıçı Nicat Mehbalıyevin kobud səhvlərindən yararlanan İbrahima Vadji Premyer Liqada 5-ci qolunu vurub.
65-ci dəqiqədə isə künc zərbəsindən sonra Medina fərqi artırıb. Bundan 3 dəqiqə sonra Filip Ozobiç komandasının 4-cü, özünün isə çempionatda 8-ci qolunu vurub. Matçda son nöqtəni isə 89-cu dəqiqədə Abdullah Zubir qoyub. O, Premyer Liqada 7-ci qolunu vurub.
Beləliklə, xallarını 40-a çatdıran "Qarabağ" ilk pillədə möhkəmlənib. Qurban Qurbanovun baş məşqçi olduğu komandanın ehtiyatda "Sumqayıt"la təxirə salınmış oyunu da var. "Qəbələ" isə 32 xalla 3-cü yerdə gedir.
-------------------------
Azərbaycan Premyer Liqasında XVIII turun daha bir görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, ikinci oyun gününün ilk matçında "Keşlə" "Sabah"ı qəbul edib. "ASK Arena"dakı görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 89-cu dəqiqədə Zurab Oçiqava vurub.
Matçın ikinci hissəsi qonaq komandanın qapıçısı Səlahət Ağayevin formasındakı qüsura görə gec başlayıb. Oyunun baş hakimi Vüqar Həsənli fasilədən sonra meydana çıxmağa hazırlaşan 31 yaşlı qolkiperi paltardəyişmə otağına göndərib. Bu üzdən oyun təqribən 10 dəqiqə gec start götürüb.
49-cu dəqiqədə "Keşlə"nin hücumçusu Natan Oduva zədələnərək meydanı tərk edib. Onu Amil Yunanov əvəzləyib. 57-ci dəqiqədə isə "Sabah"ın yarımmüdafiəçisi Elvin Camalov ciddi zədə alıb. Top uğrunda mübarizə zamanı rəqib futbolçu Sadio Tounkaranın ayağı 27 yaşlı oyunçunun sifətinə dəyib. Camalov ilkin tibbi yardımdan sonra həkimlərin müşayiəti altında meydanı tərk edib. Onun yerinə isə Kamran Quliyev meydana daxil olub.
Qarşılaşmanın 62-ci dəqiqəsində insident baş verib. Səlahət Ağayev komanda yoldaşı Boyan Letiçin ayaqla ötürdüyü topu əlinə götürüb. Bu səbəbdən oyunun baş hakimi Vüqar Həsənli cərimə zərbəsi təyin edib. Qərardan narazı qalan "Sabah"ın məşqçilər heyəti referiyə sərt etiraz edib. Qapıçılar üzrə məşqçi Vitali Kovalyov hakimlər briqadasına "Korsunuz" dediyi üçün ikinci sarı vərəqəni alaraq texniki zonadan qovulub. Baş məşqçi Murad Musayev isə "sarı" ilə cəzalandırılıb.
Bu qələbədən sonra xallarını 23-ə çatdıran "Sabah" 5-ci pillədəki mövqeyini qoruyub. 15 xalı olan "Keşlə" isə 6-cı sırada qərarlaşıb.
Qeyd edək ki, ilk oyun günündə "Zirə" evdə "Sumqayıt"a 1:0, "Neftçi" isə "Səbail"ə 2:0 hesabı ilə qalib gəlib. Tura bu gün keçiriləcək "Qarabağ" - "Qəbələ" görüşü ilə yekun vurulacaq.
------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, son oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçında 20 xalla 5-ci pillədə qərarlaşan "Sabah" özündən 5 xal az toplayan və 6-cı sırada yer alan "Keşlə"nin qonağı olacaq. "ASK Arena"dakı matçı FIFA referisi İnqilab Məmmədov idarə edəcək.
Komandalar indiyədək ölkə çempionatında 12 dəfə üz-üzə gəliblər. Bu qarşılaşmaların 5-də meydan sahibləri, 2-də qonaqlar qələbə qazanıblar. 5 görüşdə heç-heçə qeydə alınıb. Topların nisbəti də Sənan Qurbanovun baş məşqçi olduğu kollektivin xeyrinədir - 15:8.
Son 5 oyunda meydan sahibi olan komanda uduzmayıb. “Keşlə” son 5 ev matçında məğlub olmayıb.
Tur mərkəzi oyunla başa çatacaq. Rəqiblərindən 1 oyun az keçirən və 37 xalla turnir cədvəlinə başçılıq edən "Qarabağ" "Azersun Arena"da 32 xalla 3-cü pillədə gedən "Qəbələ"ni sınağa çəkəcək. Görüşdə ədaləti FIFA dərəcəli hakim Elçin Məsiyev qoruyacaq.
İki komanda bunadək Premyer Liqada öz aralarında 52 oyun keçirib. 27 qarşılaşmada Ağdam klubu, 10 matçda isə "qırmızı-qaralar" qələbəni bayram ediblər. 15 görüşdə qalib müəyyənləşməyib. "Köhlən atların vurduğu 78 qola əyalət təmsilçisi 42 topla cavab verib.
“Qarabağ” 14 oyundur rəqibinə uduzmur. “Qəbələ” son 4 matçda qol vurmayıb.
Azərbaycan Premyer Liqası
XVIII tur
6 mart (bazar)
17:00. "Keşlə" – "Sabah" - 0:1
Qol: Zurab Oçiqava, 89
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Vüqar Həsənli
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elgiz Abbasov
"ASK Arena".
19:15. "Qarabağ" – "Qəbələ" - 5:1
Qollar: Kadi Borges, 16. İbrahima Vadji, 50. Kevin Medina, 65. Filip Ozobiç, 68. Abdillah Zubir, 89 - İsnik Alimi, 40 (pen.)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Eldəniz Musayev
"Azersun Arena".
Qeyd edək ki, ilk oyun günündə "Zirə" evdə "Sumqayıt"a 1:0, "Neftçi" isə "Səbail"ə 2:0 hesabı ilə qalib gəlib.