Azərbaycan Premyer Liqasında mübarizə aparan 8 klubdan yalnız "Səbail"ə veteran futbolçu rəhbərlik edir.
Sportnet.az-ın məlumatına görə, bu, klubun Müşahidə Şurasının sədri Əbdülqəni Nurməmmədovdur. Lakin komandanın işləri ilə daha çox icraçı direktor Fərəc Əliyev məşğul olur.
"Səbail"dən başqa daha 4 klubda - "Neftçi", "Sabah", "Keşlə" və "Sumqayıt"da Müşahidə Şurası formalaşıb. "Qarabağ", "Zirə" və "Qəbələ" isə özəl klub olduqlarından, prezidenti müəyyənləşdirməkdə sərbəstdirlər.
"Neftçi"nin prezidenti Kamran Quliyev bir dəfə çempionluq, "Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundov iki dəfə Azərbaycan Kubokunun sahibi olub.
Əvəzində Riad Rəfiyev "Sumqayıt"ın prezidenti kimi bürünc medal və iki dəfə avrokuboklarda təmsil olunmaqla öyünə bilər. Maqsud Adıgözəlov isə prezidenti olduğu "Sabah"da etimadı illərdir doğrultmağı bacarmır. Halbuki, klubun Müşahidə Şurasında və icraçı direktor vəzifəsində İqor Ponomaryov kimi ötənlərin tanınmış futbolçusu və baş məşqçisi çalışır.
Müşahidə şuraları sədr və ya prezidentləri futbolda sözünü demiş şəxslərdən yox, kənar sahələrdən gətirməyə üstünlük verir. Bu isə veteranlar arasında işsizliyin artmasına səbəb olur. Halbuki, klublara sabiq futbolçu rəhbərlik edərsə, o, idarəçiliyin aşağı pillələrində də öz həmkarlarına yer verə və bununla da sözügedən problemin həllinə əhəmiyyətli töhfə verə bilər.
Bunu I Divizionda "Turan Tovuz" və "Zaqatala"nın timsalında görmək olar. "Turan Tovuz"un Müşahidə Şurasına Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev rəhbərlik edir. Bu klub 3 dəfə I Divizionun qalibi, ötən mövsüm isə bürünc medalçı olub. "Zaqatala" isə Musa Qurbanlının rəhbərliyi altında gümüş medala sahib çıxıb.
Hazırda bu klublar 9-10-cu pillələrdə yer alsalar da, Premyer Liqaya buraxılacaqlarına təminat alsalar, böyük ehtimalla, iddialı ola bilərlər.
Ortada belə nümunələr varkən, niyə digər futbol veteranları əksər klublarda sədr və ya prezident vəzifəsinə təyin olunmurlar?
"Bakı" klubunun sabiq baş məşqçisi və "Neftçi"nin keçmiş müdafiəçisi Novruz Əzimovun fikrincə, futbol veteranları rəhbər vəzifələrdə yer almalıdırlar: "Yəqin ki, nə vaxtsa daha çox veteranın bu sahədə çalışdığını görəcəyik. Əksər ölkələrdə veteranların xidmətlərindən istifadə olunmasının şahidiyik. Hazırda veteranların Premyer Liqada klub prezidenti vəzifəsinə təyin olunmamalarının səbəbini deyə bilmərəm. Təyin etmirlərsə, heç nə edə bilmərik. Sadəcə, şəxsi fikrim belədir ki, veteranları bu postlara təyin etməlidirlər. İstənilən klubun rəhbərliyində belə şəxslər yer almalı və onların biliyindən istifadə olunmalıdır".
Tahir Süleymanov: "Təcrübəli mütəxəssislərə üstünlük verilməlidir"
"Futbolda əməyi keçmiş, təcrübəsi olan veteranlara, mütəxəssislərə üstünlüyün verilməsi doğru addımlardan biri olar".
Bunu "Report"a açıqlamasında sabiq FIFA referisi Tahir Süleymanov futbol veteranlarının Azərbaycan Premyer Liqasındakı klubların prezidenti vəzifəsinə təyin olunmamaları barədə danışarkən deyib.
Onun sözlərinə görə, futbolda təcrübəyə malik olmaq böyük üstünlükdür: "Vaxtilə "Bakı" klubunun akademiyasının formalaşmasında, futbolçuların yetişməsində təşkilatçı olaraq, Yaşar Seyidovun böyük əməyi olub. Özüm yaxın keçmişdə, "Neftçi"nin ən uğurlu illərində klub rəhbərliyində önəmli vəzifədə çalışmışam. Təəssüf ki, son 10-15 ildə ümumi futbol, klub idarəçiliyində təsadüfi insanlar çoxluq təşkil edib, bu gün də tendensiya davam etməkdədir. Bununla yanaşı, futbol idarəçiliyi strukturunu strateji olaraq iki önəmli qola bölmək olar: Təşkilatı idarəçilik və futbol idarəçiliyi. Futbol idarəçiliyinin yükünü, məsuliyyətini futbol adamları öz üzərinə götürməlidir".
Sabiq vitse-prezidentin fikrincə, hər futbolçudan yaxşı məşqçi çıxmadığı kimi, hər mütəxəssisdən də bacarıqlı rəhbər olmasını gözləmək yanlış düşüncədir: "Bunlar fərqli sahələrdir və hər biri ayrı-ayrılıqda xüsusi keyfiyyətlər tələb edir. Təyinatlar incələnməli, futbol adına bacarığa, istedada uyğun addım atılmalıdır. Milli ruh, məsuliyyət, dövlətə, xalqa sevgi də öz yerində. Klublarda, ümumi futbolda vəzifədə olanların bir çoxunun "çalışmağa imkan vermirlər" düşüncəsi də yanlış təfəkkürdür və futbol ictimaiyyəti arasında özünə möhkəm yer alıb. Nə qədər futbolda problemlər olsa da, bunlar çox vaxt bəhanələrə çevrilir. Elementar məntiq var: imkan vermirlərsə, çalışmayın, istefa verin, mübarizə aparın. Belə yanaşmaların, bəhanələrin düşüncə dərinliklərində bacarıqsızlığın dərin hüceyrələri tüğyan edir və məsuliyyətdən qaçmaq cəhdləridir. Səlahiyyət varsa, düzgün iş görülməlidir, görülmürsə, deməli bacarıqsızlıqdır".
Süleymanov peşəkar futbolun öz tələblərinin olduğunu sözlərinə əlavə edib: "Mütəxəssis iş istəməməlidir. İşini bacaranları, sübut edənləri dəvət edirlər və şərtlər uyğun gəlirsə, anlaşma baş verir, müqavilələr imzalanır. Nə yazıq ki, bir çox hallarda bacarıqlı veteranlar, mütəxəssislər bilərəkdən kənarda saxlanılır, bu da futbolun inkişafına böyük zərbə vurur. Rəhbər şəxslər klubların hərtərəfli, strateji inkişafını təmin etməlidirlər. Futbolun maliyyə bumu dövründə əksər klublar milyonları legioner axınına xərclədi. Yanlış addımlardan bu gün də nəticə çıxarılmayıb, yenə də hər altı aydanbir bir dəstə əcnəbi futbolçu gətirib-yola salırlar, dillərdə isə uşaq futboludur. Belə yanaşma ilə klublarda yerli futbolçular necə yetişə bilər?! Bu azmış kimi, ölkə futbolunda ümumiyyətlə legioner limitinin götürülməsi müzakirə edilir, futbolçu yetişdirmək əvəzinə əcnəbi futbolçilar milliləşdirilir, xaricdə çıxış edənlər klublarımıza gətirilir. Dillərdə əzbər olan "uşaq futbolu" deməklə futbolçu yetişmir, təşkil etmək gərəkdir. Bunu isə strateji beyinlər, rəhbər şəxslər etməli, təşkilatı işlərin təminatçısı olmalıdırlar".
Keçmiş funksionerin fikrincə, düzgün işlər görülərsə, Azərbaycanda futbolu qısa zamanda dirçəltmək mümkündür: "Yetər ki, klublarda, ümumi futbolda düzgün kadr islahatları aparılsın, meydan bacarıqlılara, istedadlara həvalə edilsin. Belə olarsa, futbolda dönüşun yaradılması özünü çox gözlətməz".
Vidadi Əhmədov: "Kimi məsləhət bilirdimsə, onu da təyin edirdim"
"Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədov hesab edir ki, "Futbol veteranları mütləq klub prezidentləri olmalıdır" fikri düzgün yanaşma deyil. O, hazırda bir çox klubun AFFA-nın himayəsində olduğunu xatırladıb: "Milli assosiasiya klubda söz sahibidirsə, istəyər ki, klub da yaxşı nəticə əldə etsin. Bu səbəbdən, belə hesab edirlər ki, Vidadi və ya Əli daha yaxşı nəticə verə bilər, ad şərtidir. Nəticədə onları klub prezidenti təyin edirlər. Mən AFFA-da da çalışmışam. Milli assosiasiya veteranlara hər ay müəyyən məbləğ ödənilir və ya problemlərinin həllində köməklik göstərilir. Bu da məhz Futbol Veteranları İttifaqının vasitəçiliyi ilə gerçəkəşir".
O, "Zaqatala"ya Musa Qurbanlının, "Turan Tovuz"a isə Oktay Abdullayevin rəhbərlik etdiyi halda, Premyer Liqa klublarında bu təcrübədən istifadə olunmamasının səbəbini bilmədiyini söyləyib. V.Əhmədovun sözlərinə görə, klublara futboldan kənar rəhbər də təyin edə bilərlər. Lakin bu, AFFA-nın öz istəyidir: "Təbii ki, özəl klubların öz strategiyası var. Assosiasiya kiminsə uğursuz olduğunu görsə, rəhbəri dəyişə və yaxşı nəticə verməyi bacaran birini təyin edə bilər. Bu işlərə nəzarət edən şəxs təbii ki, yaxşı nəticələrin əldə olunmasını istəyir. Futbol veteranları arasında elə şəxslər ola bilər ki, onlar rəhbər şəxs kimi daha yaxşı nəticə versinlər. Bəs onlara niyə şans verilmir? Buna da AFFA qərar verir, biz qurumun işinə qarışa bilmərik".
Əhmədov "Siz futbol veteranlarını Azərbaycan futbolunda hansı yerdə görürsünüz" sualını belə cavablandırıb: "Tovuzda da çoxlu futbol veteranları var idi. Onlardan bir-ikisi gəldi ki, biz qala-qala niyə kənardan mütəxəssislər və rəhbər şəxslər gətirirsiniz. Mən də bildirdim ki, bu, mənim şəxsi işimdir. Hətta onların bir neçəsinə həmişə köməklik etmişəm, onların yanında olmuşam və bəzi məsələlərdə məsləhətləşmişəm. Onlardan sadəcə, məsləhət alırdım, rəhbərliyə isə futbol veteranı təyin etməmişdim. Veteranlarımızı baş məşqçi kimi təyin edirdim. Ruslan Abdullayevi baş məşqçi təyin etmişdik. Allah ona rəhmət etsin, çox yaxşı baş məşqçi idi. Zahid Hüseynov, Kazbek Tuayev və s. misal göstərə bilərəm. Sonra isə ilk dəfə ölkə xaricindən Naci Şensoyu baş məşqi gətirdim. Klubun sahibi mən idim və kimi məsləhət bilirdimsə, onu da təyin edirdim. Bəzi mütəxəssislər də buna görə inciyirdilər".
Qeyd edək ki, hazırda digər futbol veteranlarından Vaqif Sadıqov AFFA-nın vitse-prezidenti və Müşahidə Şurasının sədri, İsgəndər Cavadov İcraiyyə Komitəsinin üzvü və Regional Futbol Federasiyalarının prezidenti, Nadir Nəbiyev Qərb Regional Futbol Federasiyasının prezidentidir. Federasiyanın müxtəlif departament, komitə və strukturlarında Ağasəlim Mircavadov, Şahin Diniyev, Cahangir Həsənzadə, Aslan Kərimov, Fərrux İsmayılov və futbolda əməyi keçmiş digər insanlar çalışır. (Report)