Polşalı FIFA referisi Şimon Martsinyak "Lex"in Bakıda "Qarabağ"a 1:5 hesabı ilə uduzduğu UEFA Çempionlarn Liqasının I təsnifat mərhələsinin cavab oyunundakı hakim qərarlarını şərh edib.
Sportnet.az-ın məlumatına görə, 41 yaşlı ədalət təmsilçisi özünün instaqram səhifəsində "köhlən atlar"ın 2 qolunun qaydalar çərçivəsində vurulmadığını yazıb.
Martsinyakın sözlərinə görə, VAR sistemi olsaydı, həmin qollar qeydə alınmazdı. Videotəkrar isə yalnız III təsnifat mərhələsində olacaq.
Ümumittifaq dərəcəli keçmiş referi, AFFA Veteranlar ittifaqının sədr müavini Rüstəm Rəhimov "Report"a açıqlamasında "köhlən atlar"ın 3-cü qolunun bir qədər şübhəli olduğunu etiraf edib: "Orada yan xətt hakimi yaxşı mövqedə dayanıb. Biz ya ekrandan və ya da tribunadan baxırıq. Polşalı hakim Şimon Marçinyak da matçı televiziyadan izləyib".
Abbas Hüseynovun vurduğu 5-ci qola gəlincə, Rəhimovun fikrincə, sonuncu zərbə anında oyundankənar vəziyyət olmayıb: "Bu, təmiz qol idi. Amma Kevin Medinanın fərqləndiyi 3-cü qol epizodunu yalnız yan xətt hakimi daha dəqiq görə bilər. Top havada olarkən, Medina oyundankənar vəziyyətdə idi. Lakin topun ayaqdan çıxdığı ana baxmaq lazımdır. Bu epizodu referinin öhdəsinə buraxırıq. O da bayrağını qaldırmadı. Məncə, zərbə anında da Medinanın mövqeyi düzgün idi və ofsayd yox idi".
Rəhimov görüşdəki hakim səhvlərinin nəticəyə təsir etmədiyini sözlərinə əlavə edib: "Qarabağ" 5:1 hesablı qələbə qazanıb. Lap tutaq ki, bunlardan biri oyundankənar vəziyyətdən vurulub. Komandanın avrokuboklarda hansı haqsızlıqlarla üzləşməsi hamıya bəllidir. Məncə, qolların 5-i də təmizdir. Sadəcə, Medinanın qolunda bir az şübhə yaranmışdı. Amma top ayaqdan çıxanda oyundankənar vəziyyət yox idi".
Onun fikrincə, "Qarabağ" yavaş-yavaş formaya düşsə, Çempionlar Liqasında öz süzünü deyə biləcək: "Qarabağ"ın qələbəsi məndə çox yaxşı təsir bağışladı. Oyunun 1-ci dəqiqəsində qol buraxmağımıza baxmayaraq, komanda ruhdan düşmədi və sonadək mübarizə apardı, layiqli qələbə qazandı. "Qarabağ" çox gözəl oyun nümayiş etdirdi. Müdafiənin mərkəzində bir az səhvlər var idi. Bunlarda zamala düzələcək. Nəzərə alaq ki, "Lex" elə-belə komanda deyil, Polşa çempionudur".
Veteran futbolçu Samir Əliyev oyunlarda mübahisəli epizodların hər zaman olduğunu vurğulayıb: "Mən keçmişə qayıtmaq istəmirəm. Dünyanın ən güclü hakimləri belə səhv edir, hətta VAR-da belə səhvlər olur. "Qarabağ"a qarşı olan haqsızlıqlardan da danışmaq lazımdır. Hakimlər də insandır. Artıq futbol çox sürətlidir. Bir müddət səhvləri azaltmaq üçün qapıların arxasına da hakimlər qoyurdular. Səhvlər həmişə var, olub və olacaq. "Qarabağ" səhvlərə görə mərhələ adlamadı. Polşada və Bakıda rəqibindən iki dəfə üstün futbol oynadı".
43 yaşlı keçmiş hücumçu "köhlən atlar"ın ilk oyunundan sonra məyus olduğunu söyləyib: "Məyusluğun səbəbi komandanın sərgilədiyi oyun deyildi. Ölkə çempionu səfərdə də layiqli oyun göstərmişdi. Sadəcə, hücumda bir az dişsizlik var idi. Rəqib səhvsiz və kompakt çıxış edirdi. Məni məyus edən "Qarabağ"ın çox tənqid olunması idi. Hücumçunun yoxluğunu və Patrik Andradenin olmamasını qabardırdılar. Amma dünənki oyun göstərdi ki, heç hücumçuya da ehtiyac yoxdur. Polşa çempionuna 5 qol vurursansa, deməli sənin bütün işlərin qaydasındadır. Hər il avrokubokların qrupunda çıxış etmək, stadionu doldurmaq böyük işdir. Mən "Qarabağ"ın qələbəsinə inanırdım. Futbol mütəxəssisləri ilə söhbətimizdə bildirmişdim ki, komanda rahatlıqla mərhələ keçəcək. Dünən heç Patrik Andradeni yada salan olmadı, heç kim hücumçu məsələsini qabartmadı".