"Hazırlıq barədə çox şey danışa bilərəm, hər şey plan üzrə gedir".
Bunu Sportnet.az-a açıqlamasında "Qəbələ" klubunun futbolçusu Murad Musayev deyib.
28 yaşlı yarımmüdafiəçi "Qəbələ"nin Türkiyədəki toplanışını dəyərləndirib: "Ümid edirəm ki, yoxlama görüşlərində axsayan tərəflərimizi, çətinlik çəkdiyimiz məqamları aradan qaldıracağıq. Ümumi götürəndə işlər yolunda gedir, fiziki cəhətdən də futbolçuları normal dəyərləndirmək olar”.
Təcrübəli futbolçu yeni gələn oyunçuların komandaya uyğunlaşmasından da danışıb: “Komandaya Səlahət Ağayev, İlkin Qırtımov kimi təcrübəli futbolçular transfer olunub. Düşünürəm ki, onaların komandaya uyğunlaşmasında heç bir problem yoxdur. Bu sözləri legionerlərə də aid edirəm. Artıq məşqlərdə görünür ki, hər biri günü-gündən komandanın ab-havasına uyğunlaşır. Mən peşəkar futbolda belə fikri qəbul etmirəm. Peşəkar futbolçular hər bir vəziyyətə uyğunlaşmalıdır”.
Müdafiəçi UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqib Macarıstan "Fehervar"ını isə belə dəyərləndirib: “Püşk bizə yaxşı rəqib qismət edib. "Fehervar"ı incəliklə analiz edirik. Nəzərə alsaq ki, oyuna elə də çox vaxt qalmayıb, ona görə məsuliyyət daha da çoxalır. Ancaq fikrimiz odur ki, meydana çıxıb yaxşı nəticə qazanaraq, mərhələni keçən tərəf biz olaq”.
Qeyd edək ki, "Qəbələ" "Fehervar"la ilk görüşünü iyulun 21-də səfərdə, cavab görüşünü iyulun 28-də öz meydanında keçirəcək.
Ağa DADAŞZADƏ