
"Maraqlı oyun oldu. Yaxşı mübarizə və açıq oyun gördük. Futbolçularımı təbrik edirəm, çox əziyyət çəkdilər. Meydanda futbola aid hər şey var idi".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda İsveçrə "Sürix"inə 3:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis oyunçularının istəkli olduğunu bildirib: "Rəqibdən çəkinmədik və onların üzərinə getməyə çalışdıq. Həmişəki kimi bizim fanatlar möhtəşəm idi. Futbolçuların yerində olmaq asan deyil. Hər insan özünü düzgün idarə etmək üçün böyük olmalıdır. Şahruddin Məhəmmədəliyevin qol epizodunda səhv etdiyini deməzdim. Bəlkə təcrübəsinə görə belə alındı. Penalti epizoduna da dəqiq baxmaq lazımdır. Cərimə meydançasında hücumçu həmişə üstündür. Bunlar xırda səhvlərdir, aradan qaldırmaq asandır. Hər oyunçumuza inamım böyükdür".
Qurbanov rəqibin standart vəziyyətlərdə yaxşı çıxış etdiyini söyləyib: "Çox nadir komandalar var ki, ilboyu oyunu bunun üzərində qurur. Biz də bunu yaxşılaşdıra bilə və vacib bir oyunda standart vəziyyətdən qol vura bilərik. Rəqibin orada necə oynayacağını bilmək olmaz. Əvvəlki oyuna 3 hücumçu ilə çıxmışdılarsa, bu dəfə daha çox - 2 futbolçu ilə ön xətdə yer almışdılar. Oyun zamanı hansısa epizodda diqqətsiz olsan, rəqib sizi cəzalandıra bilər".
Təcrübəli baş məşqçi İsveçrəyə hesabı qorumaq üçün yox, oyunlarını daha da yaxşılaşdırmaq və qələbə qazanmaq üçün gədəcəklərini sözlərinə əlavə edib.
Mütəxəssis müdafiə düşüncəsini futbolçulardan uzaqlaşdırmaq istədiklərini vurğulayıb: "Bizim düşüncəmiz daha çox hücumda ola-ola müdafiə olunmaqdır".
Qurbanov qarşılaşmada dubl edən İbrahima Vadjinin oyunu haqqında da danışıb: "Onun bəzən texniki səhvləri ola bilər, amma faydalı iş əmsalı çoxdur. Mənim narahat olduğum futbolçunun qol vurandan sonra xəyallarda olmasıdır. Bu performansın Vadji üçün faydalı olmasına çalışacağıq və qarşıdakı matçlarda daha çox qol vurmasını tələb edəcəyik
Baş məşqçi fərdi səhvlərdən qollar buraxdıqlarını diqqətə çatdırıb: "Bizim qol imkanlarımız daha çox idi. 3:2 hesabı ilə qalib gəlmişiksə, deməli, üstünlük bizim tərəfimizdə olub. Sadəcə, ikinci hissədə bizə qarşı təzyiq çox oldu, rəqib daha çox irəli çıxdı".
Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 27-də Sürixdə baş tutacaq.