"Kəpəz" Kot d İvuardan olan hücumçu İves Lüsyeni baxışdan keçirir.
Sportnet.az xəbər verir ki, bu barədə "Report"a Gəncə komandasının baş məşqçisi Yaşar Vahabzadə deyib.
O, "Şamaxı" ilə qolsuz heç-heçə etdikləri oyundan sonra verdiyi açıqlamada Lüsyen barədə hələ qərar vermədiklərini söyləyib: "İvesə baxmağa az imkanımız oldu. Onun barədə hələ qərar verəcəyik".
Vahabzadənin sözlərinə görə, yeni transferlər – Rauf Əliyevlə Əfran İsmayılov və baxışda olan Samir Abdullayev hələ tam hazır deyil: "Digər müqavilə bağladığımız əcnəbi futbolçuları isə bu matçda oynatdıq. Onlar daha əvvəl də bizimlə birlikdə yoxlama oyunlarında iştirak etmişdilər. Rauf Əliyevlə Əfran İsmayılov isə ilk oyunlarını keçirdilər. Onlar hələ fiziki baxımdan tam hazır deyillər. Ancaq təcrübəli olduqları meydanda göründü. Düşünürəm ki, çempionatın əvvəlinə kimi müəyyən faiz də olsa, fiziki formalarını bərpa edərlər".
Baş məşqçi "Kəpəz"in növbəti yoxlama oyununun da "Şamaxı" ilə ola biləcəyini istisna etməyib: "Bakıda yoxlama oyunu keçirmək üçün rəqib tapa bilmədiyimizdən, ola bilsin, yenidən "Şamaxı" ilə oynayaq. 29-30 iyulda bu komanda ilə oyun keçirə bilərik".