"İki fərqli hissə izlədik. Birinci yarıda daha çox istədiyimizi meydanda görə bildik".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Macarıstanda "Fehervar"a 1:4 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis bildirib ki, fasilədən sonra futbolçuları rəqibin təzyiqi altında oynayıb: "Bu təzyiqə davam gətirə bilmədik. Ümumi götürsək, komanda formalaşmaqdadır. İnanıram ki, cavab oyununda daha məzmunlu futbol göstərəcəyik. Qəbələdəki qarşılaşmada əlimizdən gələni etməyə çalışacağıq".
Baş məşqçinin sözlərinə görə, macarıstanlı azarkeşlərin zədələnin İlkin Qırtımovu alqışlaması insanlıq adına çox müsbət hərəkətdir: "Oyunçuya verdikləri dəstəyə görə onlara təşəkkür edirəm. Göstərdilər ki, futbolu bilirlər. İlkinin hazırkı durumu normaldır. Ümid edirik ki, ciddi heç nə olmayacaq".
Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 28-də Qəbələdə olacaq.