"Rəqib hesabda önə keçəndə qorxmadıq. Qalib gələcəyimizə əmin idim. Matçın əvvəlində tələsik, bəlkə də bir az əsəbi idik".
Sportnet.az məlumatına görə, bunu "Fehervar"ın futbolçusu Pal Dardai Macarıstanda "Qəbələ"yə 4:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə "Nemzetisport"a müsahibəsində deyib.
23 yaşlı vinger buraxdıqları qolun onların xeyrinə olduğunu bildirib: "Ondan sonra öz bildiyimiz oyunu nümayiş etdirməyə başladıq. Matçın əvvəlində böyük şansı əldən verdim. Mövsümə qolla başlamaq yaxşı olardı".
Komandasının iki qolunda məhsuldar ötürmə ilə yadda qalan Dardai bunun üçün sevindiyini söyləyib: "Assistləri daha çox sevirəm. Çünki onlarsız nadir hallarda qol vurulur. Birinci ötürməni künc zərbəsindən verdim, amma ikincisi kifayət qədər gözəl alındı. Kənan Kodro isə bunu yüksək səviyyədə tamamladı".
Macarıstanlı oyunçu cavab görüşündə də yaxşı nəticə əldə etmək istədiklərini vurğulayıb: "Mövsümə yaxşı başlamışıq. Növbəti matçda da qaldığımız yerdən davam etməliyik. Futbolda hər şey ola bilər. "Liverpul" 1-2 il əvvəl İspaniyada "Barselona"ya 0:3 hesabı ilə uduzdu, daha sonra 4:0 hesabı ilə qalib gəldi. PSJ isə Fransada "Barselona"nı 4 cavabsız qolla üstələmişdi, lakin Kataloniyada 6 qolla məğlub oldu. Azərbaycanda hər şey planlarımıza uyğun getməlidir. Biz rəqib meydanında da qalib gəlməyə çalışacağıq".
Qeyd edək ki, iyulun 28-də Qəbələ şəhər stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.