"İlk oyundakı 3:0 hesablı qələbəyə baxmayaraq, hələ işimiz bitməyib. Evdə də qalib gəlmək istəyirik. Bizim üçün mərhələni adlamaq vacibdir".
Sportnet.az-ın məlumatına görə, bunu İsrailin "Makkabi" (Təl-Əviv) komandasının baş məşqçisi Vladimir İviç evdə "Zirə"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis Bakıda 3:0 hesabı ilə qələbə qazandıqları ilk matçdan razı qaldığını bildirib: "Lakin daha yaxşı oynaya bilərik. Hazırda bunun üzərində işləyirik. Oyunumuzdakı inkişafı görmək istəyirik. Bunun üçün balansı tapmalıyıq".
Serbiyalı baş məşqçi komandanın lideri olan Eran Zahavinin cavab oyununda da meydana çıxmayacağını bildirib: "O, öz üzərində yorulmadan işləyir. Hazırkı durumdan razı deyil. Biz ona kömək etmək üçün yanındayıq. Oynamağı ən çox özü istəyir. Həkimlərdən müsbət cavab gözləyirik".
İviç Nir Bitonla Den Qleyzerin isə oynamağa hazır olduqlarını əlavə edib: "Matça əla hazırlaşıblar və onların vəziyyətindən razıyam. Sabah hər ikisi heyətdə olacaq. Amma sözügedən futbolçuları riskə atmaq olmaz".
Qeyd edək ki, iyulun 28-də Təl-Əvivdəki "Blumfild" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.