"Çox danışmaq lazım deyil. Bu oyun bizim üçün vacibdir. Meydanda istəkli və aqressiv olmalıyıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov Bakıda Kiprin "Aris" klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
30 yaşlı yarımmüdafiəçi meydana qələbə üçün çıxacaqlarını söyləyib: "Qələbə qazanmaq üçün ilk görüşdəkindən daha yaxşı oynamalıyıq".
Təcrübəli oyunçu geridönüş etməyə çalışacaqlarını sözlərinə əlavə edib: "Hesabın fərqi yoxdur. Düşünürəm ki, 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmaq olar".
Mahmudov "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf haqqında da danışıb: "Komandaya yeni futbolçular gəlib. Bir-birimizi daha yaxşı tanımalıyıq. Hələlik baş məşqçinin istədiyi kimi oynaya bilmirik. Oyunçular tam uyğunlaşmayıb. Bir ay ərzində baş məşqçini daha yaxşı başa düşəcəyik. Hazırda bizi yalnız nəticə qane edir".
Yarımmüdafiəçi kollektivdə motivasiyanın qaydasında olduğunu deyib: "Sabah hamı bunu görəcək. Qarşılaşmanın əhəmiyyətini dərk edirik. Qələbə üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. İlk matçda "ağ-qaralar" 0:2 hesabı ilə uduzub.