"Rəqibin hücumda çox yaxşı olduğunu gördük. Amma müdafiə xəttində zəif yerlər var. Bakıda qol vurmaq üçün şanslarımız oldu. Ev oyununda da standart vəziyyətlərin üzərində dayanacağıq. Bu, bizim əsas üstünlüyümüzdür".
Sportnet.az-ın məlumatına görə, bunu "Viktoriya" (Plzen) komandasının futbolçusu Lüdek Pernitsa Çexiyada "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.
32 yaşlı müdafiəçi bildirib ki, kapitan Lukaş Heydanın cəza səbəbindən oynamaması onlara problem yaradacaq: "Düşünürəm ki, o, oynasa belə, bizə çətin olacaq. Təbii ki, kapitanın yoxluğu daha ciddi itkidir. Amma inandığımız, onun yerini doldura biləcək başqa keyfiyyətli oyunçularımız var".
Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.