"Məncə, bütün Azərbaycan Şahruddin Məhəmmədəliyevlə fəxr etməlidir. Çünki həm milli komanda, həm də "Qarabağ" formasını belə sevən bir qapıçı var".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın direktoru Emrah Çelikel jurnalistlərə açıqlamasında deyib.
Klub rəsmisi Çexiyada "Viktoriya" (Plzen) komandasına 1:2 hesabı ilə uduzduqları Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündən sonra tənqid hədəfinə tuş gələn 28 yaşlı qolkiperə dəstək olub: "Zədələrdən sonra necə məşq etməyini görən şəxs kimi deyə bilərəm ki, o, komandaya çox lazımlı, çox əzmkar oyunçudur. Komandanın burayadək gəlməsində çox böyük əməyi var. Şahruddin kimi futbolçunu, insanı tanıdığım üçün fəxr edirəm. Hər insanın çətin zamanı ola bilər. Bu çətin zamanda ona dəstək olmaq lazımdır".
Qeyd edək ki, "Qarabağ" Bakıda 1:1 hesablı heç-heçədən sonra cavab görüşündə uduzduğu üçün Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilməyib.