"Düşünürəm ki, rəqiblər bizimlə matça fərqli hazırlaşacaqlar. Artıq onlar necə oynadığımızı bilirlər".
Sportnet.az-ın məlumatına görə, bunu Qazaxıstan millisinin futbolçusu Nuralı Alip Azərbaycan və Belarus yığmalarına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının oyunları ilə bağlı "RB Sport"a müsahibəsində deyib.
Rusiyanın "Zenit" klubunda çıxış edən 23 yaşlı müdafiəçi daha çox xal qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib: "Bizə daha çətin olacaq. Qrupu ilk pillədə başa vurmaq üçün bir qələbəyə ehtiyacımız var. Psixoloji təzyiq də ola bilər. Amma düşünürəm ki, bunun öhdəsindən gələcəyik və her şey yaxşı bitəcək".
Qeyd edək ki, sentyabrın 22-də Belarusu qəbul edəcək Qazaxıstan yığması bundan 3 gün sonra "Dalğa Arena"da Azərbaycan millisinin qonağı olacaq. Qazaxıstan 10 xalla C Liqasının 3-cü qrupuna başçılıq edir. Slovakiya 6 xalla 2-ci, Azərbaycan 4 xalla 3-cü, Belarus isə 2 xalla 4-cü yerdədir.