"Rəqibi təbrik edirəm. Oturuşmuş heyətə malikdir, Konfrans Liqasında çıxış edib. Bizim kimi komandalarla görüşlərdə səhvləri bağışlamırlar".
Sportnet.az xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov evdə "Zirə"yə 1:3 hesabı ilə uduzduqları Misli Premyer Liqasının VIII tur matçından sonra CBC Sport-a açıqlamasında deyib.
41 yaşlı mütəxəssis qol vurduqdan sonra buraxılan qolların komandaya pis təsir etdiyini bildirib: "İstədiyimiz qolu vursaq da, müdafiədəki cüzi səhvlər komandamıza pis təsir etdi. Ardıcıl qollar buraxmağımız futbolçularımıza psixoloji təsir göstərdi. İkinci hissə başlayan kimi qol vurmaq istəyirdik. Lakin rəqibin sürətli hücumunda oyunçularımız gecikdi. Üçüncü qolu buraxdıqdan sonra sistemdə dəyişiklik etdik, meydana daha çox hücumameylli futbolçular buraxdıq. Lakin rəqib də yaxşı müdafiə olundu".
Abbasovun fikrincə, belə oyunlar yenə olacaq: "Yeni komandayıq, normal haldır. Biz bu cür qarşılaşmalarda bərkiyəcəyik. Futbolçularıma alqış düşür. Əlbəttə, qısa müddətdə yığışmaq, bu cür rəqiblərə qarşı oynamaq bizim üçün həqiqətən də bir imtahandır. Lakin azarkeşlərimiz önündə xal qazanmaq istəyirdik. Bu dəfə alınmadı. Gələcək oyunlarda çalışacağıq ki, istəyimizə nail olaq".
Baş məşqçi müdafiə taktikasına üstünlük vermələrinin səbəbini də açıqlayıb: "Müdafiə və ya hücum rəqibdən asılı idi. İlk dəqiqələrdən "Zirə"nin yüksək pressinqi hiss olunurdu. İlk dəqiqələrdən müdafiədən çıxmaqda çətinlik çəkdik. Bu da komandamızın müdafiədə oturmasına səbəb oldu. 15 dəqiqə sonra rəqibin pressinqi azaldı və biz hücumlara çıxdıq. Əlbəttə, rəqibin usta, keyfiyyəti futbolçuları var. Bizi onlar məcbur edirdi ki, müdafiəyə fikir verək".