"Çox pis oyun göstərdik. Sürətli çıxış etmədik".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf evdə "Turan Tovuz"la 0:0 hesablı heç-heçə etdikləri Misli Premyer Liqasının IX tur matçı barədə CBC Sport-a açıqlamasında deyib.
Rumıniyalı mütəxəssis bildirib ki, komandası bu həftə ərzində hazırlaşdığı və planlaşdırıldığı kimi oynamayıb: "Bununla da rəqib üçün oyunu daha da asanlaşdırdıq. Topa çoxlu lazımsız toxunuşlar edirdik. Hər bir oyunçumuz fərdi qaydada ortaya nə isə qoymağa çalışırdı. Oyundan əvvəl onlara demişdim ki, sürətli oynamasaq və keyfiyyətimizi əlavə etməsək, matç bizim üçün çox çətin olacaq".
Regekampf heyətdəki itkilərdən də danışıb: Eddi İsrafilov uzun müddətə - 4 həftəlik sıradan çıxıb. Düşünürəm ki, Azər Əliyevdən gələn həftə yararlana bilərik. Müəyyən çətinliklərimiz var. Aparıcı oyunçularımız olmayanda onları əvəzləyə bilmirik. Hətta belə olduğu təqdirdə də, qalib gəlməli idik. Zədəlilər hər bir komandada ola bilər. Bu gün meydana daxil olan oyunçuların nə edib-etməmələri barədə danışmalıyıq".
Baş məşqçi komandası üçün ilk dövrəni belə dəyərləndirib: "Bir oyunda heç-heçə etmişik, ikisində uduzmuşuq, qalanlarında qələbə qazanmışıq. Bunlar bizim üçün yetərli deyil. İlk pillədəki "Qarabağ"a yaxınlaşmaq və turnir cədvəlində yuxarı pillələrə yüksəlmək istəyirik. Bu halda öz aramızdakı oyunlarda qələbə qazanmaqla, liderliyi ələ ala bilərik".