Sumqayıt şəhər stadionunun istifadəyə veriləcəyi tarix bəlli olub.
Sportnet.az xəbər verir ki, bu barədə “Report”a müsahibəsində “Sumqayıt” Futbol Klubunun prezidenti Riad Rəfiyev deyib.
Klub rəhbəri bildirib ki, artıq stadionda hazırlıq işlərinin son mərhələsidir: “Xırda kosmetik işlər qalıb. Plana əsasən, noyabr ayının sonlarında stadion tam hazır vəziyyətdə olacaq”.
Riad Rəfiyev işlər bitdikdən sonra klubun rəhbərlik və bütün inzibati heyətinin arena ərazisində yerləşdiriləcəyini qeyd edib: “Hazırda yerləşdiyimiz bina isə tamamilə akademiyanın sərəncamına veriləcək”.
Klub prezidenti stadionun tutumu ilə bağlı müəammalara da aydınlıq gətirib: “Arena 10 min azarkeş tutumuna malik olacaq. İki tablo quraşdırılacaq. İlk oyunu keçirmək üçünsə bir müddət də gözləməli olacağıq. Çünki yeni əkilən qazonun tam hazır olması üçün müəyyən qədər zamana ehtiyac duyulur”.