Layihə: PERFORMANS
"Kəpəz"in baş məşqçisi Tərlan Əhmədovun əvəzedici heyətə göndərdiyi Rauf Əliyev I Divizionda V turdan meydana çıxmağa başlayıb.
Sportnet.az-ın məlumatına görə, MOİK-lə səfər matçından etibarən "Kəpəz-2"nin kapitan sarğısını daşıyan 33 yaşlı hücumçu ardıcıl 3 qarşılaşmada forma geyinib.
Gəncə komandası "hərbçilər"ə 1:2 hesabı ilə uduzduqdan sonra dalbadal 2 görüşünü qələbə ilə başa vurub. "Kəpəz-2" VI turda öz meydanında "Mingəçevir"ə minimal hesabla qalib gəlib - 1:0. Yeganə qolu məhz Əliyev vurub.
Təcrübəli forvard ötən gün "Qaradağ Lökbatan"la səfər matçında isə dubl edib. Onun qollarından birincisi kifayət qədər baxımlı alınıb. 36-cı dəqiqədə Əliyev topu qəbul etdikdən sonra saxlamadan qüvvətli zərbə ilə rəqib qapısına göndərib. Top əvvəlcə dirəyə, sonra yerə dəyərək, tora daxil olub. Görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 3:2.
Beləliklə, Xaliq Mərdanovun rəhbərlik etdiyi "Kəpəz-2"nin 7 oyun ərzində ümumilikdə əldə etdiyi 7 xaldan 6-sı Azərbaycan millisinin keçmiş hücumçusunun oynadığı qarşılaşmalara təsadüf edib. Bu matçlarda tanınmış forvard bir sarı vərəqə də almayıb. Halbuki o, Misli Premyer Liqasında IV turun "Səbail" komandası ilə səfər matçında hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra yenidən meydançaya daxil olduğu üçün 5 oyunluq cəzalanmış, klubu 4000 manat cərimələnmişdi.
"Kəpəz"in 1:4 hesabı ilə uduzduğu görüşdən sonra komandanın baş məşqçisi Yaşar Vahabzadə istefa verib. Komandanın sükanı arxasına keçən Tərlan Əhmədov isə elə ilk məşqlərindən birində Əliyevə irad bildirərək, onu əvəzedici heyətə göndərib.
Hücumçunun Premyer Liqada cəza müddəti artıq başa çatıb. Əfv edilərək, əsas komandaya qaytarılacağı təqdirdə, o, artıq X turda "Neftçi"yə qarşı çıxış edə bilər.
Qeyd edək ki, oktyabrın 16-da Gəncə şəhər stadionunda keçiriləcək görüş saat 15:00-da başlanacaq.