
"Yaxşı mübarizə apardıq. Komandada inkişaf görünür. Hər iki komanda qələbə qazana bilərdi. Rəqibi təbrik edirəm. Vacib xallar qazandılar. Artıq bu oyunu unudub, növbəti matçlara köklənməliyik".
"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Sabah"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının X tur oyunundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis matçın sürətli gərgin keçdiyini vurğulayıb: "Rəqibin matçın əvvəlində böyük qüvvə ilə irəli atılacağını gözləyirdik. Planımız işləyirdi. Həlledici məqam ələ düşən iki imkandan yararlanmamaq oldu. Məyusedici hal isə heç nədən qol buraxmağımız idi. Bu da rəqib futbolçunun ustalığından irəli gəlir. Sonradan irəli atıldıq. Oyun artıq qopmuşdu, risk edirdik".
Sadıqov Coşqun Diniyevin qırmızı vərəqə almasına da toxunub: "O qədər sarı vərəqəsi olan futbolçular var ki, etiraz etsələr də, ikincini almırlar. Elçin Məsiyevə sual verdim ki, neçə dənə belə sarı vərəqə göstərmisən? Cavab verə bilmədi. Elçin yaxşı hakimdir, amma bu cür soyuqqanlı qərarlar çox vaxt "Zirə"yə qarşı olur. Hakimlikdən çox danışmaq istəmirəm. Çünki niyə belə etdiklərini bilmirəm".
Baş məşqçi Diniyevin qırmızı vərəqə aldıqdan sonra etdiyi hərəkətə də münasibət bildirib: "Hamımız belə hərəkətlər etmişik. Bilmirəm, mən də elə qırmızı vərəqə alsaydım, bəlkə hər yeri qırıb-dağıdardım. Bəzən emosiyalarımızı cilovlaya bilmirik. Bu da normal haldır".
O bildirib ki, Hamidu Keytanın zədələnməsi komanda üçün ciddi itkidir: "Sonradan onun yerinə meydana daxil olan futbolçular da pis təsir bağışlamadılar, qol epizoduna girdilər. Sadəcə, fərqlənə bilmədilər".
Mütəxəssis Mehti Cənnətovun durumuna da aydınlıq gətirib: "Tam bərpa olunmasını gözləyirəm. Amma Anar Nəzirov da yaxşı çıxış edir".
Sadıqovun sözlərinə görə, yeni transfer İbrahim Cibrilanın yanvaradək oynamayacağı onu məyus edib: "Texniki problem olub. Yaxşı futbolçudur, inanırıq ki, bizə faydası dəyəcək".
O, İlkin Muradovla Təmkin Xəlilzadənin ideal vəziyyətdə olmadığını söyləyib: "50 gün əsas komandada olmadılar. Düşünürəm ki, vaxt keçdikcə, daha yaxşı olacaqlar".
Sadıqov sonda transfer məsələsinə də toxunub: "Bəzi mövqelərə futbolçu tapa bilmədik. Yaxşı oyunçu olsa, götürəcəyik".