Ukrayna Futbol Assosiasiyası (UAF) Rusiya Futbol İttifaqının (RFS) UEFA və FIFA-dan çıxarılmasını tələb edəcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə UAF prezidenti Andrey Pavelko şəxsi feysbuk hesabında bildirib.
Buna Rusiya Federasiyasının baş nazirinin müavini Dmitri Çernışenkonun açıqlaması səbəb olub. O, ölkə başçısı Vladimir Putinə hesabat verərkən hökumətin RFS ilə yeni ərazilərin Rusiya futbol çempionatlarına inteqrasiyası ilə bağlı razılaşmasını elan edib.
"UAF dərhal FIFA və UEFA-ya RFS-ə qarşı ən sərt sankiyaların tətbiq edilməsi tələbi ilə müraciət göndərir. Təşkilatların nizamnamələrini kobud şəkildə pozduğuna görə Rusiyanın UEFA və FIFA-dan çıxarılmasını tələb edəcəyik", - Pavelko bildirib.
Qeyd edək ki, Vladimir Putin sentyabrın 30-da qondarma "Donetsk (DXR) və Luqansk (LXR) xalq respublikaları"nı, Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyasının tərkibinə daxil edilməsi haqqında sazişlər imzalayıb.