"Mövsümü ilk "5-lik"də, hətta 4-cü pillədə də başa vura bilərik".
Sportnet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Səbail"in futbolçusu Franko Mazurek komandanın cari mövsüm çıxışı barədə danışarkən deyib.
29 yaşlı yarımmüdafiəçi yaxşı nəticələr əldə etmək üçün bəzi aspektləri təkmilləşdirməli olduqlarını bildirib: "Həqiqət odur ki, hələlik istədiyimiz kimi çıxış edə bilmirik. Biz daha çox xal qazanmağa layiqik".
Azərbaycan çempionatının səviyyəsinin yaxşı olduğunu söyləyən argentinalı oyunçu XII turda səfərdə "Kəpəz"lə görüş haqqında fikirlərini bölüşüb: "Üst pillələrdəki komandalara çata bilmək üçün mütləq qələbə qazanmalıyıq. Həmişə daha yaxşı nəticələrə ümid etməliyik".
Mövsümün əvvəlindən "dənizçilər"də çıxış edən Mazurek Azərbaycana uyğunlaşması barədə də danışıb: "Fərqli ölkəyə və mədəniyyətə uyğunlaşmaq həmişə çətindir. Amma xoşbəxtlikdən klubdakı insanlar həmişə məni ailənin üzvü kimi qəbul edir. Belə olan təqdirdə hər şey asanlaşır".
2021/2022 mövsümündə Kiprin AEL (Limassol) klubunda çıxış edən futbolçu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirdiyi görüşləri də xatırlayıb: "Çox gözəl matçlar idi. Kiprdəki qarşılaşmada qalib gəlməli idik. Amma rəqib uzatma dəqiqələrində hesabı bərabərləşdirdi. Bakıda isə matçın sonlarında buraxdığımız qola görə uduzduq".