"Oyunun qırılma nöqtəsi gənc oyunçumuzun kobud səhv etməsi oldu. Nəticədə qapımızda qol gördük, sonra qırmızı vərəqə aldıq və toparlana bilmədik".
Sportnet.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Mahmud Qurbanov Gəncədə "Kəpəz"ə 0:3 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XII tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
49 yaşlı mütəxəssis bildirib ki, matçı 11 nəfərlə tamamlamağı öyrənməlidirlər: "Neçə oyundur azlıqda qalırıq. Uduzduq. Bəhanə axtarmağa ehtiyac yoxdur. Bu qədər azlıqda qalmağımız təsadüfidir. Oyunçulara demirəm ki, gedin "qırmızı" alın. Təcrübəsizlikdəndir, ya nədəndir, bilmirəm".
Qurbanov zədəlilərin durumuna da toxunub: "Ruslan Hacıyev hələ tam sağalmayıb. Onu məcburiyyətdən oynadırıq. Çünki bizə hücumda çox köməyi dəyə bilər. Tam sağalmağına da imkan olmur. Ağabala Ramazanov da zədəlidir".