"Oyuna yanaşmamızı bəyəndim. İstəkli idik. İlk dəqiqələrdən nə istədiyimizi göstərdik. Topa nəzarət bizdə idi. Topu itirdikdə də dərhal pressinq tətbiq edirdik. Uduzduğumuz son 2 oyunda məhz bu cür məqamlar çatışmırdı. Buna görə də futbolçularla söhbətimiz olmuşdu. Onlara demişdim ki, xarakter göstərmək lazımdır".
"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf səfərdə "Zirə"yə 3:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XII tur oyunundan sonra mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis bütün futbolçuların sona qədər döyüşdüyünü bildirib: "Müasir futbolda hər şey qaçmaq və mübarizə aparmaq üzərində qurulub. Ruh yüksəkliyi və komanda oyunu vacibdir. Komandamızın gücü var və bunu göstərməliyik. Futbolçularımı bugünkü qələbə münasibəti ilə təbrik edirəm. Bu cür davam etməliyik".
O, Azər Əliyevin yenidən zədələnməsini uğursuzluq və bəxtsizlik adlandırıb: "Onun adına üzülürəm. Digər tərəfdən, Azər Salahlı sıraya qayıtdı. Əvvəldən Salahlını 75 dəqiqə oynatmaq fikrimiz yox idi. Amma məcburiyyətdən bunu etdik. Vato Arveladze də zədədən qayıdıb və bu gün özünü yaxşı tərəfdən göstərdi. Artıq növbəti oyunlara hazırlaşmalıyıq".
Regekampfın sözlərinə görə, etməli olduqları ilk şey qaçmaq və meydanda mübarizə aparmaqdır: "Komanda olmalıyıq. Bundan sonra isə futbolçuların keyfiyyəti gəlir. Bu gün rəqibə qapımıza yaxınlaşmağa imkan vermədik. Hücumda topu itirsək də, müdafiədəki futbolçularımız lazımi yerdə olub topu yenidən alırdılar. “Sabah”la oyunda bu çatışmırdı".
Baş məşqçi futbolçuları məşqlərdə yaxından izlədiyini söyləyib: "Hər biri matçlara 100 faiz hazır olmalıdır. Yeqor Boqomolski də hazır idi və oynamaq istəyirdi. Buna görə də heyəti quranda sistemdə dəyişiklik etdik. Donyonu sağ cinaha, Beqomolskini isə mərkəzə qoyduq".
Mütəxəssis Salahlının çıxışından da söz açıb: "Əslində addım-addım komandaya qayıtmalıdır. Bu gün məcburiyyətdən onu çox oynatdıq. Lakin başqa çıxış yolumuz yox idi. Düşünürəm ki, Azər oyundan-oyuna daha da inkişaf edəcək. O, bizim üçün ciddi oyunçudur. Məşqlərdə özünü yaxşı tərəfdən göstərir. Əminəm ki, Salahlı tezliklə əvvəlki formasını bərpa edəcək".