
"Gəncədə oynamaq xoşdur. Gözəl atmosfer var idi, yerli azarkeşlər komandalarına ruh verirdilər, bizim azarkeşlərimizə də xüsusi təşəkkürümü bildirirəm, həmişə olduğu kimi bizi tək qoymadılar, sona kimi dəstəklərilər".
Sportnet.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Gəncədə "Kəpəz"lə qolsuz başa çatan Misli Premyer Liqasının XIV tur oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis ağır qrafiklə oynadıqlarını bildirib: "Son 3 oyun çətin idi. Yorğunluqdan əlavə, çoxlu zədəlimiz var. Bəzi futbolçularımıza təşəkkür düşür. Risk etdik, bəlkə də yenidən zədələnə bilərdilər. Bu oyunun mahiyətini bilirdik ki, bizə xal lazımdır. Çünki bizdən aşağıda olan rəqiblər yaxınlaşır. Mübarizəli oyun oldu. Belə oyunlarda epizodlar az olur. Hər iki tərəfin də fürsətləri oldu. Faislə var. Çalışacağıq ki, istirahəti də bərpanı da sağlıqlı şəkildə keçib növbəti oyunlarda bütün heyətlə oyunlara çıxaq. Növbəti oyunlara baxacağıq".
O, oyun vaxtı zədələnən Şəhriyar Əliyevin durumuna da toxunub: "Üç oyundur ağrı ilə oynayır. "Qarabağ"la matçda da son dəqiqələrdə onu meydandan çıxardıq. Bu gün oynamağı daha riskli idi. Bəlkə də, Şəhriyarı uzun müddətlik itirə bilərdik. Belə görüşlərdə mərkəz müdafiəçisini əvəzləmək risk tələb edir. Bizim üçün futbolçuların sağlamlığı önəmlidir. Müayinədən sonra durumu bilinəcək".