“Uduzmaq heç kimə xoş deyil. Bura qələbə üçün gəlmişdik. Məğlub olanda oyunçulara daha çox irad bildirmək olur. Matça pis başlamadıq. Qolu da vurduq. İlk hissədə yaxşı oynadıq. İkinci hissədə uşaq səhvləri etdik. Premyer Liqada oynayan futbolçular belə səhv etməməlidir. Müdafiədən çıxanda etdiyimiz səhv qapımıza ikinci qolla nəticələndi. Hesabı bərabərləşdirmək alınmadı. Reallıq budur ki, məğlub olduq. Hələ ki, yerimizdə sayırıq".
Sportnet.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Mahmud Qurbanov Qəbələdə eyniadlı komandaya 1:2 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XVI tur oyunundan sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis bildirib ki, bu vəziyyətdən çıxmağa çalışırlar: "Məğlubiyyətlər davamlı olanda komandanın içində ab-hava yaxşı olmur. Bir tərəfdən də buna öyrəşməli oluruq. Oyundan qabaq zədəlilərimiz var idi. Ehtiyat oyunçular skamyamız geniş deyil. Oyunu dəyişə biləcək futbolçularımız yoxdur. Qarşıda oyunlarımız var. Dəyişikliklər ola bilər. Bir oyunçuya yox, bütün oyunçulara iradımız var. Uduzmuşuqsa, səhv bizdədir. Məğlubiyyətdə fərd olaraq kimisə günahlandırmaq fikrimiz yoxdur. Həmişə uduzan baş məşqçilər olur".
O, istefa verməkdən qorxmadığını vurğulayıb: "Həyatın hər sürprizinə hazıram. Tək futbolda yox, həyatda da. Komanda məğlub olursa, belə söhbətlər həmişə olacaq. Uduzmağı xoşlamıram. İstəyirəm ki, futbolçular da bunu dərk etsin. Məni ən çox narahat edən budur. Nə olacaqsa, klub rəhbərliyi qərar verəcək”.