
“Maraqlı qarşılaşma alındı. Hər iki komanda dinamik oynamağa çalışdı. Hava şəraiti ilk dəqiqələrdən çətinlik yaratsa da, sonradan hər iki tərəfə zövq verdi".
Sportnet.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XVI tur oyunundan sonra mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis bildirib ki, komanda şəklində hücumda daha çox olmağı planlaşdırırdılar: "Bunun öhdəsindən gəldik. Komandanı təbrik edirəm. Layiqli qələbə qazandıq. Rəqib təzyiq göstərirdi və müdafiəyə çəkilməyimiz bunun nəticəsidir. Planımızda nə var idisə, onu da meydanda gördüm”.
O, Azərbaycan Kubokunun 1/4 finalında “Qarabağ”la keçiriləcək matçlara da toxunub: "Rəqibdən asılı olmayaraq hər oyun ağırdır. Düşünürəm ki, daha yaxşı hazırlaşacaq və mübarizə aparmağa çalışacağıq. Görüşlərə düzgün yanaşmaq və layiqli müqavimət göstərmək istəyirik”.
Baş məşqçi Ülvi İsgəndərovun növbəti dəfə qələbə qolunu vurmasına da toxunub: “Futbolçularım universal olmağa çalışmalıdır. Ülvi İsgəndərov komandaya 9 xal qazandırıb. O, özünü əsas heyət üzvü kimi hiss edir. Kənardan onun ehtiyat qüvvə olduğu görünə bilər. Amma İsgəndərov əsas heyət üzvüdür”.