"Əsl kubok oyunu idi. Gərgin keçdi. Bu gün əvvəlki oyunlara nisbətən daha yaxşı idik. Yaxşı hücumlar qurduq, qollar vurduq. Uşaqlar daha istəkli, aqresisv idilər. Azlıqda qalmasına baxmayaraq, "Sabah" kimi komandaya yaxşı qollar vurduq".
Sportnet.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Mahmud Qurbanov evdə "Sabah"a 3:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis sona yaxın sadə epizodlarda qollar buraxdıqlarını bildirib: "Hesab 3:1 olarkən təkbətək çıxdığımız halda qol vura bilmədik. Qol olsaydı, cütün taleyi həll olunacaqdı. Bizi gərgin cavab görüşü gözləyir. Hələ heç nə həll olunmayıb. Yaxşı hazırlaşıb, bugünkü oyunu cavab matçında da göstərməliyik. Bu qarşılaşmanı yaddan çıxarıb, "Sumqayıt"la görüşə hazırlaşacağıq".
Qurbanov mövsümdə ən yaxşı oyunlarını keçirdiklərini söyləyib: "Futbolçular meydanda yaxşı mübarizə apardılar. Futbol oynamaq istədilər. Hər halda, topa nəzarət bizdə idi, hücumlar edirdik. Yaxşı oyun gördük. Qarşıda bizi çətin cavab matçı gözləyir. Qalibiyyət komandada özünəinam, qələbə ruhunun qayıtması baxımından çox vacib idi".
O, matçın sonlarına yaxın 2 ql buraxmaları barədə bunları deyib: "Arxayınlaşma da var idi. 3:0-dan sonra bir az rahatlaşma, diqqətsizlik ucbatından qollar gördük. Əslində, belə olmamalıydı. Amma 4-cü qol şansımız da var idi. Futbol 90 dəqiqədir. Əsas odur qələbə qazandıq. Bu, bizə lazım idi. Qarşıdakı oyunlara hazırlaşacağıq və istəyirik ki, belə səhvlərə yol verməyək".
Qurbanov "Oyundan öncə 0:0-a razı olardınız?" sualını belə cavablandırıb: "Çətin sualdır. "Sabah" bu il daha yaxşı çıxış edir, uğurlu nəticələr qazanır. Futbolçular qələbəyə layiq idilər".
Baş məşqçi "Sumqayıt"a qarşı keçirəcəkləri Misli Premyer Liqasının XVII tur matçına da toxunub: "Bu gün göstərdiyimiz oyunu davam etdirməliyik. Nəticə nə olursa-olsun, hər komandanın oyun üslubu var. Biz də istəyirik bununla nəticə qazanaq. İstəyərdik ki, qələbələr ardıcıl olsun".