Səudiyyə Ərəbistanı çempionatının XVI turunda “Əl-Vəhdə” ilə oyunda 4 qol vuran “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu yeni rekordlara imza atıb.
Sportnet.az-ın məlumatına görə, komandasına 4:0 hesablı qələbə qazandıran Portuqaliya millisinin üzvü karyerasındakı het-trik sayını 61-ə çatdırıb.
38 yaşlı forvard bunun 51-ni klub, 10-nu isə milli səviyyəsində həyata keçirib. Het-trik sayına görə lider olan Ronaldu öz rekordunu yeniləyib. Onun ən yaxın izləyicisi argentinalı Lionel Messinin aktivində 56 het-trik var.
Maraqlıdır ki, Ronaldu 30 yaşından sonra 31 oyunda üç və ya daha çox qol vurub.
Portuqaliyalı qarşılaşmada hesabı açmaqla ölkə çempionatlarındakı ümumi qol sayını 500-ə çatdırıb ki, bu da yeni rekorddur. Onun aktivində liqa qollarının ümumi sayı 503-dür.
Qeyd edək ki, Kriştianu Ronaldu “Əl-Nəsr”in heyətində keçirdiyi 3 oyunda 5 dəfə fərqlənib.