
"Bizim üçün önəmli oyun idi. Bu il çempionatın maraqlı olması keçməsinin səbəblərindən biri də Qərb derbisinin yenidən keçirilməsidir. Azarkeşlərimizə təşəkkür edirəm ki, Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım kampaniyasında fəal iştirak etdilər".
Sportnet.az xəbər verir ki, bunları “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının XXII turunda evdə "Kəpəz”ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis matçın stressli keçdiyini söyləyib: "Futbolçularıma təşəkkür edirəm. 90 dəqiqə nizamlı oynadılar. Matç boyu nəzarət bizdə idi. Rəqiblərlə xal fərqini artırmaq istəyirdik. Buna da nail olduq. Ağır qrafikdən keçdik. 5 gündən bir meydana çıxırdıq. İndi bir qədər rahat olacağıq”.
O, komanda üçün yeni sponsor tapılmasına belə münasibət bildirib: “Bu, futbolumuz üçün önəmli addımdır. Sponsorsuz çətindir. “Turan Tovuz” olaraq çox əziyyət çəkmişik. Ağır günlərdə İcra Hakimiyyəti bizə dəstək oldu. Bilirdik ki, Futbolun İnkişaf Fondu bizim üçün sponsor axtarır. Onlara da minnətdaram. Yeni sponsorla qısa söhbətimiz oldu. Ehtiram müəllim futbolun inkişafını, gələcəyi düşünür. Belə adamlar futbolumuza lazımdır. 1-2 ili yox, uzun müddəti düşünürük”.
Abbasov yeni sponsorların komandanın qarşısına hansı məqsəd qoyması barədə isə bunları deyib: “Hər hansı məqsəd qoyulmuyub. Təbii ki, məqsədsiz mübarizə aparmırıq. Real duruma baxırıq. Bu gün “Turan Tovuz”un real durumu nədirsə, onun üçün mübarizə aparırıq. Gələcək üçün planlarımız var. İnkişaf etmək, böyümək istəyirik. Ehtiram müəllim ilk öncə nəticəni düşünmür. Bilir ki, iddialı klublarla mübarizə aparmaq üçün vaxt lazımdır”.
Baş məşqçi aparıcı futbolçuları sona kimi meydanda saxlamasının səbəbini də izah edib: “70-80-ci dəqiqələr önəmli idi. Həmin vaxt qol buraxsaydıq, sonluq stressli keçərdi. Öndə rəqibə təzyiq etməsəydik, arxa xəttdə işimiz çətin olacaqdı. Runinin sarı vərəqəsi olduğu üçün onu əvəzlədim. Ümumi götürəndə bəzi futbolçuların 90 dəqiqə oynamasının tərəfdarıyam”.