
"Rəqibin gücü bəllidir. Çempionatımızda ən güclü komandalardan biridir. Bilirik ki, hətta “Qarabağ”la çempionluq mübarizəsi aparırlar".
Sportnet.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 23-cü turunda bu gün "Sabah"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, 2:0 hesablı səfər qələbəsini belə şərh edib: "Biz hər oyuna necə hazırlaşırdıqsa, bu oyuna da elə hazırlaşmışdıq. Çünki xallarımızı artırmaq istəyirik. Çempionat günü-gündən gərginləşir. Xal fərqini artıraraq daha rahat olmaq istəyirik. Bu gün futbolçularımdan meydanda inamlı olmaqlarını istəmişdim. Bizə belə inamlı olmaq vacibdir. İnkişaf etmək istəyiriksə, mübarizəni davam etdirməliyik. Mühüm üç xal idi. Azarkeşlərimizə təşəkkür edirəm. Həqiqətən də möhtəşəm idilər. Səfərdə oynasaq da, bizi tək buraxmadılar. Çempionat davam edir. Gələn oyunlara hazırlaşacağıq".
O, yeni sponsorun gəlişindən sonra qələbələr qazanmaları haqda bildirib: "Yəqin ki, bu, da motivasiyadır. Onlar da komandaya inam verirlər, futbolçular daha istəkli olurlar. Ümumən hər şey yaxşıdır. Mükafatların miqdarı isə əvvəlkindən fərqlidir".