O, son illər iki fərqli millidə oynamış nadir futbolçulardan biridir.
Söhbət hazırda “Neftçi”nin formasını geyinən yarımmüdafiəçi Kenni Sayefdən gedir.
ABŞ-da anadan olan, lakin İsraildə böyüyən 30 yaşlı oyunçu hər iki yığmada meydana çıxmaq imkanı əldə edib. İsrailin aşağı yaş qrupu yığmalarında çıxış etdikdən sonra 2016-cı ildə Xorvatiya və Serbiyaya qarşı yoxlama görüşlərində əsas millinin şərəfini qoruyan Sayef bir il sonra Qana ilə yoldaşlıq matçında ABŞ-ın heyətində debüt edib.
Hücumameyilli futbolçu peşəkar karyerasına 2011-ci ildə İsrailin “Bney Saxnin” klubunda başlayıb. Həmin ölkənin bir neçə klubunda çıxış etdikdən sonra 2014-cü ilin yayında Belçikaya yollanıb. Orada “Gent” və “Anderlext” kimi klubların formasını geyinib. Sayef, həmçinin, qısa müddət ABŞ və Polşa çempionatında da mübarizə aparıb.
2022-ci ilin yayında isə “Anderlext”dən transfer olunduğu “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.
Cari mövsüm bütün turnirlərdə “Neftçi”nin heyətində keçirdiyi 26 oyunda 7 qol vuran Kenni Sayef “Report”un suallarını cavablandırıb.
- 2023-cü ilin ilk oyununda “Sabah”a məğlub olsanız da, ardınca keçirdiyiniz 4 oyunun 3-də qələbə qazanmısınız, 1-də heç-heçə etmisiniz. “Neftçi” tam formaya düşə bilib?
- Doğrudur, getdikcə nəticələrimiz daha yaxşı olur. Amma düşünürəm ki, hələ tam formada deyilik. İnanıram ki, tezliklə istədiyimiz formanı yığacaq və daha yüksək səviyyədə çıxış edəcəyik.
- “Neftçi”də penalti vuran Emin Mahmudov olsa da, Premyer Liqanın XXIII turunda “Səbail”lə (3:0) oyunda ilk penaltini siz yerinə yetirdiniz. Bunu özünüz istədiniz, yoxsa Mahmudov təklif etdi?
- Həmin anda Emindən penaltini vurmaq üçün xahiş etdim. O da mehribanlıqla topu mənə verdi.
- Baş məşqçi Laurentsiu Regekampf bildirdi ki, Sayef penaltini qola çevirə bilməsəydi, Emin cəzalanacaqdı. Qol vura bilməsəydiniz, özünüzü günahkar saymayacaqdınız?
- Əgər penaltini qaçırsaydım və Eminə pul cəriməsi verilsəydi, həmin məbləği onun əvəzinə mən ödəyəcəkdim.
- Qış fasiləsində hücumdakı tərəfdaşlarınız Yusuf Laval və Qodsvey Donyo getdi, əvəzində Mateus Saldanya ilə Kilian Lebon gəldilər. Komandanın hücum xətti güclənib, yoxsa zəifləyib?
- Laval və Lebon bənzər futbolçulardır. Hər ikisi təkbətək epizodlara girməyi xoşlayır. Donyo ilə Mateus isə fərqlidirlər. Hər ikisi səviyyəli futbolçudur. Ancaq fərqli oyun üslublarına malikdirlər.
- Azərbaycan Premyer Liqasının müsbət və mənfi cəhətləri nələrdir?
- Premyer Liqada yaxşı komandalar var. Zəif cəhət isə odur ki, matçlara azarkeş gəlmir. Azarkeş marağı olarsa, çempionatın da səviyyəsi artar.
- “Qarabağ” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə qarşılaşacaq. Bu matçdan nə gözləyirsiniz?
- Hər iki komanda çox yaxşıdır. “Qarabağ” Bakıda qalib gəldiyi üçün 1 qolluq üstünlüyə malikdir. Çox maraqlı mübarizə olacaq.
- Həm vaxtilə “Gent”də oynadığınızı, həm də hazırda “Qarabağ”ın əzəli rəqibi “Neftçi”nin formasını geyindiyinizi nəzərə alsaq, yəqin ki, Belçika klubuna azarkeşlik edəcəksiniz...
- Bilirsiniz, “Gent” mənim evimdir, ora ilə bağlı gözəl xatirələrim var. Həmişə bu komandanın fanatı olacağam. Ona görə yox ki, “Qarabağ”la qarşılaşacaqlar. Bilirəm ki, “Qarabağ” bu mərhələni adlasa, Azərbaycan futbolu üçün yeni uğur olacaq. Fikrimcə, bütün Azərbaycan bu görüşdə “Qarabağ”a azarkeşlik etməlidir. Ancaq mənim vəziyyətim bir az fərqlidir.
- “Qarabağ” “Gent”lə oyundan Premyer Liqanın XXIV turunda sizinlə qarşılaşacaq. Rəqibin sıx təqvimdə oynamasnı sizin xeyrinizə saymaq olar?
- Rəqibin vəziyyəti bizi maraqlandırmır. Biz səfər oyununa yollanıb, öz işimizi görməliyik.
- Həm çempionatda “Sabah”la aradakı xal fərqini 5-ə endirdiniz, həm də Azərbaycan Kubokunda yarımfinal mərhələsindəsiniz. Hər iki turnirdəki hədəfiniz nədir?
- Çempionatda oyundan-oyuna köklənirik. Hər həftə qarşıdakı matça hazırlaşmalı və qələbə qazanmağı düşünürük. Görək, sonda necə olacaq. Hədəfim isə “Neftçi” ilə kuboku qazanmaqdır.