Misli Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün ikinci matçı Sumqayıtda baş tutub.
Autsayderlər mövqeyində qərarlaşan şəhərin eyniadlı komandası ilə “Kəpəz” üz-üzə gəliblər. Qarşılaşma Gəncə təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb. 6-cı dəqiqədə Ahmed Ayzaya, 38-ci dəqiqədə isə Martins Juniorun vurduğu qol sayəsində “Kəpəz” rəqibini səfərdə məğlub edib. “Kimyaçılar”ın gücü 88-ci dəqiqədə fərqi minimuma endirməyə çatıb – 1:2. Yusif Nəbiyev avtoqol müəllifi olub.
Gəncəlilər Premyer Liqada “Sumqayıt”la matçlardakı 6 oyunluq qələbə həsrətinə son qoyublar. Qərb klubu buna qədər axırıncı dəfə 6 il əvvəl – 2017-ci ildə bu rəqibini üstələyib.
Ötən turda olduğu kimi, bu dəfə də qələbə qazanan Tərlan Əhmədovun kollektivi xal ehtiyatını 20-yə çatdıraraq, yenidən sonuncu pilləni tərk edib. Samir Abasovun başçılıq etdiyi “gənclik şəhəri” təmsilçisi isə aktivindəki 18 xalla turnir cədvəlinin 9-cu yerində qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunlarında “Zirə” səfərdə “Turan Tovuz”a (2:0), “Şamaxı” evdə “Sabah”a (2:1) qalib gəlib, “Səbail”lə “Qəbələ” arasındakı matç heç-heçə (2:2) başa çatıb. Tura fevralın 27-də keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu ilə yekun vurulacaq.
-----------------------------
Misli Premyer Liqasında XXIV turun oyunları davam edir.
Sportnet.az-ın məlumatına görə, günün ilk görüşü Şamaxıda keçirilib.
Eyniadlı komanda doğma arenasında çempionatın iddialılarından “Sabah”ı qəbul edib. Mövsümün ikinci dövrəsində güclü rəqibi ilə heç-heçə (1:1) edən bölgə təmsilçisi bu dəfə qələbə qazanıb – 2:1.
Hesabı 72-ci dəqiqədə meydan sahibləri açıblar. Amil Yunanov qapıçı ilə təkbətək epizodda toru silkələyib. Cəmi 5 dəqiqə sonra qonaqlar Aleksey Kaşukun qolu sayəsində status-kvonu bərpa ediblər. Lakin 90+5-ci dəqiqədə penaltidən dubla imza atan Amil Yunanov turun ən böyük sensasiyasının memarı olub.
Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Sabah” 53 xalda qalıb. “Şamaxı” isə xallarının sayını 19-a çatdıraraq, son pillədən qurtulub.
Qeyd edək ki, turun ilk iki oyununda “Zirə” səfərdə “Turan Tovuz”a (2:0) qalib gəlib, “Səbail”lə “Qəbələ” birincilərin meydanında heç-heçə (2:2) edib. Bu gün “Sumqayıt”la “Kəpəz”, fevralın 27-də isə “Qarabağ”la “Neftçi” üz-üzə gələcək.
-------------------------------
Bu gün Misli Premyer Liqasında XXIV turun daha 2 oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçı Şamaxıda eyniadlı komanda ilə "Sabah" arasında olacaq. Hazırda bölgə təmsilçisi 16 xalla sonuncu, paytaxt klubu isə 53 xalla 2-ci pillədə qərarlaşıb.
İki kollektiv indiyədək ölkə çempionatında 16 dəfə üz-üzə gəlib. Tərəflər hərəyə 5 qələbə qazanıblar. 6 görüş isə heç-heçə ilə yekunlaşıb. Topların nisbətində əyalət klubunun cüzi üstünlüyü var - 17:16.
"Şamaxı" 5 oyundur qalib gəlmir. "Sabah" son iki səfərdə bir qolla qələbə qazanıb.
Günün son matçında "Sumqayıt" "Kəpəz"i qəbul edəcək. 18 xalı olan "gənclik şəhəri" təmsilçisi 7-ci, rəqibindən 1 xal az toplayan Gəncə klubu 9-cu sırada yer alıb.
Komandalar bunadak Premyer Liqada 22 dəfə rəqib olublar. Bu qarşılaşmaların 9-u meydan sahiblərinin, 5-i isə qonaqların xeyrinə yekunlaşıb. 8 görüşdə qalib müəyyənləşməyib. Sumqayıtlılqların 29 qoluna "sarı-göylər" 22 topla cavab veriblər.
"Kəpəz" son 6 oyunda qələbə qazanmayıb. Son üç matçda qonaq komanda uduzmayıb.
Misli Premyer Liqası
XXIV
25 fevral (şənbə)
14:30. "Şamaxı" - "Sabah" - 2:1
Qollar: Amil Yunanov, 72, 90+5 (penalti) - Aleksey Kaşuk, 77
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Eyyub İbrahimov, Əli Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
Şamaxı şəhər stadionu.
17:00. "Sumqayıt" - "Kəpəz" - 1:2
Qollar: Yusif Nəbiyev, 88 (avtoqol) - Ahmed Ayzaya, 6. Martina Junior, 38
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cəmil Quliyev, Kamal Umudlu
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Kapital Bank Arena".
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Turan Tovuz"a 2:0 hesabı ilə qalib gəlib, "Səbail" isə "Qəbələ" ilə heç-heçə edib - 2:2. Tura fevralın 27-də keçiriləcək "Qarabağ" - "Neftçi" görüşü ilə yekun vurulacaq.