“Oyunun məzmunu xoşuma gəldi. Baxmayaraq ki, sona qədər gərginlik vardı. Bu cür çətin oyunda qələbə qazandıq. "Sumqayıt"a hörmətlə yanaşıram. Onların yaxşı oyun planı var idi. Qol fürsətləri də əldə etdilər. Sadəcə bundan istifadə edə bilmədilər. Bu gün səliqəli, təmiz, simulyasiya etmədən futbol oynadılar".
Sportnet.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev evdə "Sumqayıt"a 4:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XXVI tur matçından sonra mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis görüşdən sonra rəqib komandanın baş məşqçisi Samir Abasovla aralarındakı dialoqu açıqlayıb: "Hakimlik barədə danışırdım. İstəyirsinizsə, bu barədə sizə də deyim. “Şamaxı” ilə oyunda penalti epizodumuz sayılmamışdı.Hamı hər şeyi görür. Bizim penaltimizi vermədilər və nəticədə uduzuruq. Halbuki, çox vacib oyuna çıxmışdıq. Bu gün baxırıq ki, həmin matçda penaltini verməyən hakim Gəncədəki oyunu idarə edir. Namik Ələskərova qarşı kobud oynadılar, Emmanuel Apeh topu boş qapıya göndərməyə hazırlaşarkən arxadan zərbə vurdular, penalti təyin olunmadı. Ancaq bugün Gəncədəki matçdakı penaltini gördünüz, futbolçunun azca maykasından tutdular, penalti təyin edildi. Murad Musayev pisdir, tərbiyəsizdir, iki oyun cəzalandırdılar, 3200 manat cərimələdilər... Ancaq baş hakim istədiyini edir, ancaq onu cəzalandırmırlar. Mən 10 oyunluq cəza veriləcəyini gözləyirdim. Amma baxıram ki, bu gün də o oyun idarə edir. Hər zaman pis oyun idarə edəcək, çünki cəzalandırılmır".
Musayevin fikrincə, hakimlər ona qarşı çox sərtdirlər: "Bəli, emosional idim. Mən heç nə deməsəm də, boş yerə qovuldum. Ola bilsin ki, o, məni məşqçi qərargahından kimsə ilə səhv salıb. Məşqçilərin və futbolçuların taleyi ilə oynamaq, sonra sakitcə hakimliyə davam etmək asandır. Hakimlər oyunun tempinə böyük təsir göstərə bilər. Gələcəkdə avrokubok oyunlarında yüksək tempə ehtiyacımız olacaq. “Sumqayıt” yaxşı idi, heç kim qazonda uzanmırdı, vaxta oynamırdı, qapıçıda qıcolma yox idi. Hakim oyunun tempini ya artıra, ya da azalda bilər”.