Millimiz AVRO-2024 üçün Avropa turuna başladı. AFFA-nın ilk dayanacağı Avropanın inkişaf etmiş ölkələrindən biri olan Avstriya oldu. Azarkeşlər son 5 oyundakı uğurlu çıxışlardan sonra bu oyunda da uğurun davamının gələcəyini gözləyirdilər. Lakin uğur gözümüzdə qaldı, çünkü 2 dəqiqə ərzində 2 qol buraxdıq...
Amma oyunda müsbət məqamlar da oldu. Məsələn, millimiz 1 qol vurdu və 28 dəqiqə qol buraxmadı...
Avstriya zəif rəqiblər qarşısında amansız olan bir yığmadır. Bəli, ölü xalın “qənimi” olan bir komanda... Onsuz da hiss edilirdi ki, ilk görüş olduğundan, rəqibə xal hava-su kimi lazımdır. Eyni zamanda, rəqib futbolçuların özlərini yaxşı tərəfdən göstərmələrinin də işimizə əməlli-başlı mane olacağını bilirdik.
Biz bu oyuna necə çıxdıq? İlk olaraq, heyətdən başlayaq.
Açıq etiraf edək ki, Azərbaycanda futbolçu qıtlığı var, amma bu, o demək deyil aralarından ən zəiflərini seçək. Məsələ seçimdə deyil, seçim edə bilməkdədir.
Məşhur "Məhəllə" filmində Sudabə xanım qonşulardan soruşur ki, elçiliyə kim gedəcək? Tövsiyə olunur ki, Qüdrət həyat yoldaşı ilə, Rusik (Ruslan), Eliş, Roşka qardaşları və Məzi.
Yəni, Bəxtiyar Həsənalızadə, Yusif İmanov...
Bu futbolçularla "elçi" gedəndə "üzü qara" qayıtmaq açıq-aşkar görünürdü.
De Byazinin də yığdığı heyətin ümumi situasiyası belə idi. Ölkədə bir çox mərkəz müdafiəçiləri qala-qala müdafiədə top müşayiətini bacarmayan Bəxtıyar Həsənalızadəni, qapı xəttində milli çempionatda 5 ciddi zərbədən 4-ünü tuta bilməyən Yusif İmanova şans verən baş məşqçi rəqibdən 4 "şillə" aldı. Hələ rəqib bizə güzəşt etdi, əks halda, hesab 7:1 ola bilərdi...
Millinin heyətində kapitan Emin Mahmudov, müdafiəçi Bəhlul Mustafazadəyə ən yaxşı dəyə bilərik. Qalanları eləcə gəzməyə getmişdi, başqa nə ad verək?
Günahkarlar çoxdur, birinci baş məşqçini deyək. Klubunda şans almayan futbolçulara şans verdi.
Bu bir tərəfə, De Byazinin mövqe səhvləri, futbolçuları başqa mövqelərdə oynatması, rəqibə görə mövqe "açar"larını təşkil edə bilməməsi bir tərəfə...
Baş məşqçi bilirdi ki, rəqib sürətli, ucaboy futbolçulardan təşkil olunub, amma buna qarşı heç bir tədbir görmədi. Əksinə, öz bildiyi, öz bəyəndiyi futbolçuları "əjdahalar"la üz-üzə buraxdı. Qurduğu heyəti düzgün bilirdi, lakin 1 dəqiqəyə 2 top buraxana qədər. Sonra da ekranlarda gördük ki, De Byazi sakit tərzdə skamiyanın bir küncündə oturub qurduğu "cah-cəlalı" qəzəbli şəkildə seyr edir.
O qədər nöqsanlar var ki, harda başlayıb, harda bitirək? Hansını deyib, hansını keçək? De Byazi də öz ampuluasında qalaraq min-bir bəhanə ilə özünü günahsız kimi yenə də qələmə verdi.
Bu gün millimiz Avropanın daha gözəl ölkəsi olan İsveçə yollandı. Orda varlı adamlar, gözəl mənzərələr və seyr etməyə bir çox məkanlar var. "Xoş istirahətlər" deyək... 2 gün sonra İsveçlə qarışılaşacaq millimizə milli ruh, üçrəngli bayrağımızın onların başı üzrərində olduğunu yadlarından çıxarmamağı arzulayaq. Uğurlar!
Ağa DADAŞZADƏ