
"Çox maraqlıı oyun oldu. Yoldaşlıq görüşü olsa da, xeyli dinamik oyun alındı. Hər iki komandanın çoxlu hücumu, qol epizodu oldu".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə Türkiyə "Qalatasaray"ına 1:2 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra deyib.
51 yaşlı mütəxəssis stadiondakı ab-hava ilə əlaqədar azarkeşlərə təşəkkür edib: "Belə ab-havanın olması çox vacib idi. Bu, əlaqələrimizin dostluq xarakterli olduğunu göstərdi. Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım məqsədli matç idi".
Qurbanov digər klublardan heyətə cəlb etdikləri futbolçuların çıxışını da dəyərləndirib: "Donald Gerye sanki bizim oyunçu kimi özünü göstərdi. Hamidu Keyta isə çox yaxşı mövsüm keçirir. Futbolçular arasında qarşılıqlı əlaqə yaxşı səviyyədə idi".
Sonda "Qarabağ"ın baş məşqçisi Azərbaycan millisinin martın 27-də səfərdə İsveçə qarşı keçirəcəyi AVRO-2024-ün seçmə matçında uğurlar arzulayıb: "Milli komandaya yalnız uğurlar arzulayıram. Hər oyunda nəticəni düşünmək və inanmaq lazımdır. Özümüzü inamsız göstərməməliyik. Futbolçularımıza güvənir və uğurlar arzulayıram. Hər şeyin bizim tərəfimizdə olacağına inanıram".