UEFA "Fənərbağça", "Trabzonspor" və "Sivasspor" klublarını cəzalandırıb.
Sportnet.az xəbər verir ki, buna komandaların azarkeşlərinin avrokubok matçlarındakı davranışı səbəb olub.
"Fənərbağça"nın evdə İspaniya "Sevilya"sına 1:0 hesabı ilə qalib gəldiyi oyunda fanatların meydana yad əşyalar atması və keçidləri bağlaması klubu 44 min avro ziyana salıb. Üstəlik, növbəti avrokubok görüşündə "Ülker" stadionunda 5 min oturacaq boş qalacaq.
"Trabzonspor" azarkeşlərinin İsveçrədə "Bazel"ə qarşı keçirilmiş matçda (0:2) priotexniki vasitələrdən istifadə etməsi səbəbindən klub 20 min avro cərimə olunub.
Ən ağır cəza isə "Sivasspor"a verilib. Komandanın "Fiorentina"ya 1:4 hesabı ilə uduzduğu oyunda yerli fanatlardan biri meydana daxil olaraq rəqib futbolçuya hücum çəkib. Nəticədə Sivas təmsilçisinin növbəti avrokubok görüşünü azarkeşsiz keçirməsinə qərar verilib. Komandanın kapitanı Hakan Arslan isə 3 oyunluq diskvalifikasiya olunub.