Bu mövsüm Misli Premyer Liqaya qayıdan "Kəpəz"dən sonra "Turan Tovuz"da da ara qarışıb.
Bu klubun da içərisinə sanki xərçəng daraşıb. İndiyədək işləri rəvan gedən Tovuz təmsilçisi "Huner Group" adlı sponsora qovuşduqdan sonra geriləməyə başlayıb. Komanda daha hünərli olmaq əvəzinə rəqibləri qarşısında dişsiz və cəsarətsiz təsir bağışlayır. Özü də doğma meydanında...
"Turan Tovuz" sonuncu qələbəsini 6 tur əvvəl səfərdə "Sabah" üzərində qazanıb - 2:0. Son ev qalibiyyəti isə eyni hesabla bundan bir tur əvvəl "Kəpəz"lə görüşə təsadüf edib. Hansı ki, yeni sponsorla müqavilə məhz Qərb derbisi ərəfəsində rəsmiləşmişdi.
Son 6 turda "Turan Tovuz" öz meydanında "Zirə"yə 0:2, "Sumqayıt"a 2:3, səfərdə "Neftçi"yə 0:4 hesabı ilə uduzub, "Qəbələ" ilə evdə, "Səbail" ilə səfərdə heç-heçə edib - 1:1. Yəni, yeni sponsorun gəlişi ilə klub 24 mümkün xaldan cəmi 8-ni toplaya bilib. Beləliklə, tovuzlular 29 xalla 6-cı yerdə nəinki möhkəmlənib, hətta daha aşağı mövqelərə enmə təhlükəsi ilə üzləşiblər.
Özü də bu uğursuzluqlar baş məşqçi Ayxan Abbasovla müqavilənin daha 3 il uzadılması, heyətə hər həftə yeni legionerlərin cəlb olunması fonunda baş verməkdədir. Əslində belə məqamlarda nəticələr daha da yaxşılaşmalı, klub-azarkeş birliyi möhkəmlənməli, kollektivdaxili ab-hava yaxşılaşmalı idi. Lakin əksi baş verdi.
Ardıcıl xal itkiləri, 6 oyunluq qələbə həsrəti kifayət etdi ki, real vəziyyət çılpaqlığı ilə üzə çıxsın. "Şamaxı" ilə 1:1 hesablı heç-heçə bitən oyunun sonlarında azarkeşlərin "istefa" şüarları asimana bülənd oldu. Baş məşqçi Ayxan Abbasov isə oyundan sonra dedi ki, bu şüarı səsləndirən 3-4 nəfər və onların ətrafına yığdıqları uşaqlardır.
Deməli, "Turan Tovuz" da elə "Kəpəz"in vəziyyətində imiş. Gəncə komandasında "ağsaqqallar"ın Tərlan Əhmədovu gözü götürmədiyi kimi, Tovuzda da kimlərsə özlərini büruzə vermək istəyirlər. Onların axtardıqları fürsətin məhz indiyə təsadüf etməsi isə rəqibin son pillədə gedən "Şamaxı" olmasına görə imiş...
Hərçənd, başqa səbəb tapmaq da çətin deyil. Bu da kluba yeni sponsorun gəlişidir. "Turan Tovuz"un pulsuz vaxtlarında gizlənənlər indi üzə çıxmağa başlayıblar. Halbuki ötən yay klubun adicə avtobusu olmayanda öz fotosunun vurulması xatirinə 5-10 manatlarından da keçməmişdilər.
Görünür, onlar da "Hüner Group"dan faydalanmaq eşqinə düşüblər. Başqa sözlə kabab iyinə yığışıblar. Sabah onlar bilirsinizmi nə deyəcəklər? "Turan Tovuz"un baş məşqçisi tovuzlu olmalıdır", "Komandada tovuzlu futbolçular oynamalıdır" və s. Belə variantları isə çox görmüşük!
Abbas