"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllütariq "Linkoln"una qalib gələrək mərhələ adlamaları barədə danışıb.
Sportnet.az xəbər verir ki, o, Bakıdakı cavab matçından (4:0, ilk oyun - 2:1) dərhal sonra "CBC Sport"a açıqlamasında görüşün çətin keçdiyini deyib:
"Mən də futbolçularımı təbrik edirəm. Bizim üçün çox vacib oyun, qələbə idi. Çox əziyyət çəkdik. Çünki rəqib komanda məğlub olurdu, amma mübarizədən əl çəkmirdi. Sonadək çətinlik oldu. Azarkeşlərimiz və futbolçularımı təbrik edirəm"
Qurbanov futbolçuları Redon Cica və Yassin Benzianın oyunu haqda da danışıb: "Cica komandaya tam uyğunlaşmağa başlayıb. Yassin Benzianın futbol bacarığına şübhəmiz yoxdur. O, çox texnikalı, yaxşı futbolçudur. Sadəcə onun idman formalaşmasının yaxşılaşması lazımdır. Tam bərpa olunmayıb. Bu gün 90 dəqiqə meydanda saxlamaq istəmədim. Amma hər ikisi haqda müsbət fikirdəyəm".
Mütəxəssis 2-ci təsnifat mərhələsindəki rəqibləri olan Polşa "Rakuv"unu sabahdan etibarən analiz edəcəklərini deyib: "İnanın ki, rəqib haqda düşünmürük. Bizim üçün arzuolunan və arzuolunmayan rəqib yoxdur. Sadəcə bu komanda çox ciddi rəqibdir. Polşa klubları həmişə nizam-intizam və gücləri ilə seçiliblər. Onlar bizə problem yaratmağı bacarıblar. Bu komanda Polşa futbolundan fərqli sistemdə oynayır. 1-ci liqadan qalxmış, stabil komandadır. Sabahdan onları daha yaxından təhlil etməyə başlayacağıq".
Baş məşqçi yeni futbolçusu Juninyonun bugünkü matçda meydana çıxmamasının səbəbini belə izah edib: "Səhər məşqində Juninyonun əzələsində spazm oldu. Risk etmədik. Ola bilər ki, bir neçə gün komanda ilə məşq etməsin. Sabah MRT-dən keçəcək".
Qurbanov sonda yeni transfer edib-etməyəcəkləri barədə sualı bu cür cavablandııb: "Transferlər üzərində işlər gedir. Danışıqlar apardığımız futbolçular var. Amma hələlik bu barədə nəsə deyə bilmərəm".